Şahin İsmayılov: Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlaması ən çox da özlərinə ziyan gətiribbackend

Azərbaycan xalqının humanizmi və erməni aqressiyası: Qarabağda ermənilərlə birgə yaşayış mümkündürmü?

Qarabağa Böyük Qayıdışdan, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra orada azərbaycanlılarla Qarabağ ermənilərinin birgə yaşayışı məsələsi aktual mövzulardan biridir. Hərkəsi düşündürən suallardan biri odur ki, sülh şəraitində birgə yaşayış hansı halda mümkün ola bilər? Əlbəttə biz hər zaman şahidi oluruq ki,  Azərbaycan xalqı humanist, sülhsevər bir xalqdır. Bu yaxınlarda  BBC News Azərbaycanca Azərbaycanın paytaxtı Bakıda və Ermənistanın paytaxtı İrəvanda bu mövzuda sorğu keçirib. Nəticədə Bakı sakinlərinin cavabları müxtəlif olsa da onların arasında sülh və barışıq tərəfdarları üstünlük təşkil edib. Amma ermənilərin cavabları daha aqressiv olub. Görəsən bitib tükənməyən erməni xisləti bu barışığa imkan verəcəkmi?

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov Editor.az-a bildirib ki,   Azərbaycan xalqı möhkəm iradəli, vətənpərvər olduğu qədər müdrik, humanist və sülhsevər xalqdır:

“Dövlətimiz də bütün məsələlərdə humanizm prinsiplərini və beynəlxalq hüququn normalarını üstün tutur. Ümumilikdə Azərbaycan dövləti Qarabağ məsələsində kifayət qədər səbr nümayiş etdirdi, Ermənistan tərəfinə şans verdi. 30 ilə yaxın dövr ərzində onlar bu şansı dəyərləndirmədi. Azərbaycan öz haqqı olanı müharibə yolu ilə aldı. Müharibənin də öz qanunları var. Azərbaycan dövləti bu qanunlardan kənara çıxmayaraq öz torpaqlarını işğaldan azad etdi. İşğala son qoyulması region üçün yeni imkanlar yaratdı. Bu imkanlardan regionun bütün dövlətləri faydalanacaq. Əgər Ermənistan dövlətinin siyasi rəhbərliyi vaxtında onlara verilən şansı düzgün dəyərləndirməyi bacarsaydı, onlar üçün daha yaxşı olardı.
Bildiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsi 7 dekabr 2021-ci il tarixində Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Bundan başqa, məhkəmə 2021-ci il oktyabrın 14-dən 19-dək olan dinləmələrdən sonra əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Azərbaycan diplomatiyasının uğurla icra edilməsi nəticəsində bütün dünyaya haqq səsimizi bəyan etmişik. Siyasi oyunlarına görə bu həqiqətləri qəbul etməyənlər də yaxşı bilir ki, biz haqq yolundayıq”.

Millət vəkili qeyd edib ki, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlaması ən çox da özlərinə ziyan gətirib:

“Regionda reallaşdırılan əhəmiyyətli layihələrdən kənarda qalan və iqtisadiyyatı pis vəziyyətdə olan Ermənistan müharibədə uduzaraq çətin vəziyyətə düşdü. Birgəyaşayış məsələsinə gəldikdə burada Ermənistanın  siyasi rəhbərliyinin üzərinə böyük yük düşür. Onlar rəhbərliyində durduğu xalqı düzgün maarifləndirməyə borcludur. Onların aqressiyası özlərinə daha çox ziyan gətirəcək. Azərbaycan işğala son qoyduqdan sonra qısa müddət ərzində Qarabağda böyük quruculuq işlərini həyata keçirib. Bu işlər sürətlə davam edir və daha böyük nəticələrin şahidi olacağıq. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, qürur hissi ilə yaşayacaq. Regionda Azərbaycanın yaratdığı reallıqları qəbul edən və bununla hesablaşanlar özləri inkişaf üçün fürsət əldə edəcək. Düşmən məkrli siyasətindən əl çəkməli, güclü Azərbaycan dövlətinin diqtəsini vaxtında qəbul etməli və bunun üçün lazım olan bütün addımları atmalıdır”.