Şahin İsmayılov: Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılırbackend

Milli Məclisin deputatı Şahin İsmayılov iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısı ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlama verib.

O, bildirib ki, İƏT Azərbaycanın 30 il Ermənistanın işğalı altında olmuş ərazilərində tarixi-dini və mədəni abidələrimizi talan edən erməni vandalizmini pisləyib və müxtəlif illərdə müvafiq qətnamələr qəbul edib: “İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi təqdirəlayiq haldır”.

“Bu il İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edərək Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi olmasının da böyük əhəmiyyəti var. Çünki Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılır”, – deyə Ş.İsmayılov əlavə edib.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycan da, öz növbəsində, hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib.