Şahin İsmayılov: “Fərrux kəndinin ordumuz tərəfindən nəzarətə götürülməsi çox ciddi əhəmiyyət kəsb edir”backend

“30 ilə yaxın müddətdə işğal altında olan Xocalı rayonunun Fərrux kəndini tam nəzarətə götürülməsi müzəffər Azərbaycan ordusunun müasir hərb tariximizdə növbəti tarixi əhəmiyyət kəsb edən qələbəsidir. Fərrux kəndinin ordumuz tərəfindən tam nəzarətə götürülməsi yerləşdiyi coğrafi məkan baxımından çox böyük strateji əhəmiyyətə malikdir”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Şahin İsmayılov deyib.

“Ordumuz Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin  komandanlığı altında  Azərbaycanın son iki yüz ildən artıq müddətdəki  hərb tarixinə qızıl hərflərlə qələbələr yazmaqda davam etməkdədir. Fərrux kəndinin heç bir itki vermədən işğalçı ermənilərdən təmizlənərək nazərətə götürülməsi bunun bariz nümunəsidir”- deputat qeyd edib.

Deputat əlavə edib ki, Fərrux kəndinin ordumuz tərəfindən nəzarətə götürülməsi təkcə bir kəndin azad edilməsi kimi yanaşılması düzgün deyil, bu kəndin azad edilməsi  hərbi strateji baxımdan və gələcəkdə müvəqqəti olaraq terrorçu erməni silahlı birləşmələrinin nəzarətində olan yaşayış məntəqlərinin yaxın gələcəkdə azad edilməsi baxımdan çox ciddi əhəmiyyət kəsb edir: “Bütün bu məsələlər Müzəffər Ali Baş Komandan,cənab Prezident İlham Əliyevin bəyan etdiyi “nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilirik” prinsipinə uyğun şəkildə həyata keçirilir. Cənab Ali Baş Komandan atılacaq addımlar üçün doğru və uyğun zamanı seçərək atır. O, bunu səbr, təmkin və uzaqgörən siyasəti, yürütdüyü uğurlu diplomatiya yolu ilə edir. Məhz ona görə də cənab Prezidentin atdığı bütün addımlar uğurla nəticələnir. Çünki cənab Ali Baş Komandan qələbəyə hesablanan atılacaq addımları əvvəlcədən çox dəqiqliklə hesablayıb və onun üçün uyğun zamanı gözləyir. Uyğun zamanın seçilməsi isə heç də hər bir siyasi liderə xas olan keyfiyyət deyil. Azərbaycan xalqı o baxımdan xoşbəxtdir ki, onu qələbələrə götürmək keyfiyyətlərinə, bacarığına malik lideri var və cənab İlham Əliyevdir. Məhz onun liderlik keyfiyyətləri, uzaqgörən, müdrik siyasəti, cəsarətli və qətiyyətli addımları Azərbaycan xalqını  və dövlətini hər zaman qələbələrdən qələbələrə götürüb. Fərrux kəndinin nəzarətə götürülməsi də  yürüdülən uğurlu siyasətin nəticəsidir. Əminəm ki, yaxın gələcəkdə  Azərbaycan ərazisindəki  erməni separatçı və terrorçi silahlı birləşmələrinin nəzarətində olan yaşayış məntəqlərimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan tam azad ediləcək”.