Şahin İsmayılov: Media institutunun inkişafı cəmiyyətin maarifləndirilməsində xüsusi rol oynayırbackend

Dünyanın əksər dövlətlərində media baş verən texniki yeniliklərə ən tez uyğunlaşan və bunu öz əməli işlərində uğurla tətbiq edən bir sahədir. Müasir dövrdə texnoloji imkanlardan istifadə edərək sürətli inkişaf mərhələsinə qədəm qoyan media, o cümlədən sosial media çox böyük inkişaf və tərəqqi yolu keçir. Lakin nə qədər texnoloji inkişaf bu sahə ilə bağlı yeni imkanlar yaratsa da, medianın inkişafı həm də dövlətlərin bu cameəyə münasibətindən asılıdır. Demokratik dəyərlərə, söz azadlığının əhəmiyyətinə xüsusi həssalıq göstərən dövlətlər medianın inkişafı üçün normal şərait yaradırlar. Düşünürəm ki, Azərcaycanda da medianın hərtərəfli inkişafı üçün kifayət qədər şərait yaradılıb və ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən siyasi iradə ortaya qoyulub. Bunun nəticəsi olaraq Əkinçi qəzeti ilə başlayan milli mətbuat tariximiz bu gün sürətli inkişaf dövrünü yaşayır. Milli mediamız bütün istiqamətlərdə öz missiyasını uğurla həyata keçirir.

Azərbaycan mətbuatı SSRİ dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərməsinə baxmayaraq, milli varlığını və ənənəsini qoruyub saxlaya bildi. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda bu sahə ilə bağlı yeni bir mərhələ başlandı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanda yeni formalaşan müstəqil media öz inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndər jurnalistlərin dostu idi. Onun hərtərəfli qayğısı ilə Azərbaycan mətbuatı öz inkişafında intibah dövrünü yaşadı. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bu ənənə uğurla davam etdirildi. Cəmiyyətin maarifləndirilməsi üçün fəaliyyət göstərən mediamız daim diqqətdə saxlanıldı. Bu gün ölkədə minlərlə media subyektinin olması məhz bu sahəyə göstərilən dövlət dəstəyinin bariz nümünəsidir. Medianın davamlı inkişafı üçün xeyli işlərin görüldüyü açıq şəkildə ortadadır. Dövlət medianın inkişafı və sərbəst fəaliyyəti üçün kifayət qədər şərait yaradıb. Media sahəsində fərqlənən jurnalistlərin fəxri adlarla təltif edilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vergi güzəştlərinin tətbiqi, medianın inkişafı üçün maliyyə yardımlarının ayrılması, qrantların verilməsi və s. bu sahənin inkişafı üçün böyük bir stimullaşdırıcı vasitəyə çevrilib. Ümumilikdə media sahəsində görülən işlərin bütün istiqamətləri əhatə etdiyini və kompleks xarakter aldığını görə bilərik.

Media institutunun inkişafı cəmiyyətin maarifləndirilməsində xüsusi rol oynayır. Media subyektlərinin elm-təhsil, sosial-humanitar, vətənpərvərliyin aşılanması işində peşəkar şəkildə iştirakı nəzərə çarpır. Pandemiya və müharibə dövründə media nümayəndələrinin yüksək peşəkarlıqla iştirakının şahidi olduq. Düşünürəm ki, xüsusilə Vətən müharibəsi zamanı da Azərbaycan mediası öz üzərinə düşən işi layiqincə yerinə yetirdi, informasiya müharibəsində dezinformasiyanın qarşını ala bildi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədar bölgədə yeni reallıqlar yarandı. Əminəm ki, bu reallıqların dünyada düzgün tanıdılması və informasiya müharibəsində milli mediamız öz peşəkarlığını göstərəcək. Fürsətdən istifadə edərək media nümayəndələrini Milli Mətbuat və Jurnalistika günü münasibətilə təbrik edirəm.

Şahin İsmayılov,
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü