Şahin İsmayılov: “Prezident İlham Əliyev Azərbaycanı dünya miqyaslı dövlətə çevirir”backend

Tarixin uzaq və yaxın koridorlarında səslənən danışıqlara qulaq asdığımızda bəzi sözlərin bütövlükdə tarixi proseslərə birbaşa təsir edərək böyük dəyişikliklərə səbəb olduğunu görürük. Bu dəyişikliklər bəzən qanlı proseslərin başlanmasına, bəzən isə böyük inkişaf mərhələlərinin başlanması ilə nəticələnir. Misal üçün Makedoniyalı İsgəndərin öz general və əsgərləri ilə görüşü zamanı imperiyamızın sərhədləri Tanrının dünyaya qoyduğu sərhədlərdən başqa bir şey olmayacaq deməsi həmin vaxt məlum olan əksər ərazilərin tutması ilə nəticələndi. Avram Linkolnun 1863- cü ildə söylədiyi xalqın, xalq tərəfindən xalq üçün idarə etməsi davam edəcək fikirləri bu gün də Amerika demokratiyasının kristalı sayılır. Yaxın keçmişimizdə Ulu Öndər Heydər Əliyevin – Azərbaycan dünyaya günəş kimi doğacaq fikirləri də ölkəmizin həyatına birbaşa təsir edən anlayışlardan oldu. Müasir dünyamızda yeni çağırışlar ortaya çıxır, hadisələr olduqca sürətlə cərəyan edir, gözlənilməz proseslər baş verir. Dünya hal-hazırda heç bir gələcək ssenaridə yer almayan bir hadisə ilə – koronavirus pandemiyası ilə üz-üzədir. Pandemiya dünyada baş verən bütün proseslərə təsir etməklə öz-özlüyündə yeni çağırışlar yaratdı. Heç şübhəsiz pandemiya siyasi dövrünün əsas hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının təcili sessiyasını çağırmaq barədə tarixi təşəbbüsü oldu. Bəlkə də dünya dövlətlərinin sadə vətəndaşları belə bir təşəbbüsün superdövlətlərin başçıları tərəfindən irəli sürüləcəyini gözləyirdi. Lakin bu baş vermədi, dünyanın belə çətin günlərində böyük dövlətlər həmrəylik göstərmək yerinə, əfsuslar olsun ki, bəzi hallarda yenə də daxili qısqanclıqdan və ya intiriqalardan yenə də özünütəcridə keçdilər. Koronavirus əslində dünyaya açıq bir mesaj verdi – qlobal təhlükədən heç bir dövlət sığortalanmayıb və yalnız həmrəylik kataklizmlərin qarşısını ala bilər. Erməni işğalına məruz qalan və ərazi baxımından elə də böyük olmayan bir dövlətin – Azərbaycanın lideri İlham Əliyev böyük təşəbbüs göstərərək qlobal çağırış etdi. Çağırış dünya dövlətləri tərəfindən dəstəkləndi. Hər bir dövlətə Azərbaycanının regiondakı gücü və liderliyini məlumdur. Azərbaycan böyük regional layihələrə dəstək verərək əsas oyunçulardan birinə çevrilib. Artıq bu mərhələdə biz ölkə başçısının timsalında Azərbaycanın qlobal bir liderlik rolunu öz üzərinə götürməsinin şahidi oluruq. Heç şübhəsiz burada cənab prezident İlham Əliyevin şəxsi nüfuzu və dünya siyasi arenasında xüsusi çəkisinin olması da vacib faktlardandır. Azərbaycan bir sıra qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Liderlik gendən gələn və ya sonradan mühit tərəfindən formalaşan xüsusiyyətdir mövzusu hər zaman mübahisə doğuran məsələdir. Cənab prezident İlham Əliyevin siyasi portretinə nəzər saldıqda hər iki xususiyyətin onun həyatında olduğunu görürük. 20-ci əsrin dünya miqyaslı siyasi liderlərindən olan Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab prezident İlham Əliyev artıq Azərbaycanı dünya miqyaslı dövlətə çevirir. Burada bir daha Ulu Öndərin vaxtı ilə dediyi sözlər yadımıza düşür – AZƏRBAYCAN DÜNYAYA GÜNƏŞ KİMİ DOĞACAQ.

Şahin İsmayılov 

Milli Məclisin deputatı 

İctimai.az