Şahin İsmayılov: Şahmatın diqqətdə saxlanılması və qayğı ilə əhatə olunması öz bəhrəsini verməkdədirbackend

Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov 20 iyul – Beynəlxalq Şahmat Günü ilə bağlı fikir söyləyib:

“Bildiyimiz kimi, 20 iyul tarixi Beynəlxalq Şahmat Günü kimi qeyd edilir. Azərbaycan da öz növbəsində dünya şahmatının inkişafında töhfələr verib. Şahmatın inkişafı ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkibində özünəməxsus yer tutur. Eyni zamanda dünyaca məşhur idman növü üzrə əldə etdiyimiz uğurlar ölkəmizin təbliğində də mühüm rol oynayır.

Tarixə nəzər salsaq, Azərbaycanda zəngin tarixə malik olan şahmat ötən əsrin 70-ci illərində inkişaf etməyə başlamışdır. Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi bu idman növünə də xüsusi diqqət yetirildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başlamış, bir sıra vacib işlər görülmüşdür. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi bu idman növünün inkifaşının yeni mərhələsi idi. Onu da qeyd edək ki, Azərbaycan Beyəlxalq Şahmat Federasiyasının üzvü olan ölkələr arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş ilk dövlətdir. Ölkəmiz dəfələrlə beynəlxalq şahmat turnirlərinə ev sahibliyi edib. Şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilməsi ənənəsi davam edir. Bu sahənin diqqətdə saxlanılması və qayğı ilə əhatə olunması öz bəhrəsini verməkdədir.

Sevindirici haldır ki, şahmat oyunu gələcəyimiz olan uşaq və yeniyetmələr arasında kifayət qədər populyarlaşıb. Kiçik yaşlarından şahmatla məşğul olmaq uşaqların zəkasının inkişafına gətirib çıxarır ki, bu da onların savadlı vətəndaş kimi formalaşmasına təkan verir. Tez-tez şahidi olduğumuz müxtəlif miqyaslı şahmat yarışlarının da bu sahəyə marağın artması və bu idman növü ilə məşğul olmağın stimullaşdırılmasında böyük rolu var. Şahmat məktəbləri ilə yanaşı gənclər təşkilatlarının da bu işdə aktiv iştirak etməsi təqdirəlayiq haldır.

Biz bilirik ki, intellektual idman növü olan şahmat dünyada geniş yayılan populyar oyun olmaqla böyük izləyici kütləsinə malikdir. Azərbaycan isə dünya şahmatına Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi şahmatçılar verib. Onların dünyanın ən güclüləri sırasında yer alması bizim üçün böyük bir idman hadisəsidir. Məlumdur ki, bu oyun növü müxtəlif elm sahələri ilə əlaqəlidir. Şahmatçılarımız dünya çapında keçirilən yarışlarda böyük uğurlar əldə edərək soydaşlarımızın elmi, məntiqi təfəkkürünün yüksək olmasını dünyaya bəyan edib. Azərbaycan şahmatçılarının beynəlxalq səviyyədə uğur qazanması azərbaycanlıların intellektual səviyyəsinin göstəricisidir”.