Şahin İsmayılov: Vladimir Jirinovski yenə gündəmdə qalmağa çalışarkən siyasi arenanı çayxana ilə səhv salıbbackend

İctimai.az Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosuna verdiyi müsahibəsi zamanı Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılovun açıqlamasını təqdim edir:

“Vladimir Jirinovski “Komsomolskaya Pravda” radiosuna müsahibəsində qərəzli mövqeyini ortaya qoyaraq haqsız fikir və ittihamlar səsləndirib. O, həqiqətləri görmək istəmir. Azərbaycan regionda söz sahibi olan dövlətə çevrilib. 44 günlük Vətən müharibəsi bunun əyani sübutudur. Azərbaycan yalnız Rusiya Federasiyası ilə deyil, məqsədəuyğun hesab olunan dövlətlər və beynəlxalq təsisatlarla əlaqələrini inkişaf etdirir.

Jirinovski deyir ki, Cənubi Qafqaz 200 il bizim bayrağımız altında olub. Birincisi, diqqətlə baxmaq lazımdır ki, kim hansı siyasəti həyata keçirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra tam müstəqil daxili və xarici siyasət həyata keçirir. O da bunu sübut edə biləcək çox sayda amilləri yaxşı görür. İkincisi isə, nə vaxtsa işğala məruz qalmışıqsa, bu, bütün əsrlər boyu belə qalası deyil. Müstəqillik əldə etdikdən sonra qısa zaman ərzində yenidən güc toplamağımız, öz siyasi iradəmiz, mədəniyyətimiz və müstəqil xarici siyasətimizlə fərqlənə bildiksə bu bizim asılı olmadığımızın göstəricisidir. Heç kimə sirr deyil ki, ölkəmiz yenidən müstəqillik əldə etdikdən sonra istər infrastruktur, istər diplomatik əlaqələr, istər ordu quruculuğunda böyük müvəffəqiyyətlər qazanıb.

Vladimir Jirinovski deyir ki, o rus əgərinin ölməsini istəmir. Biz isə dünyanın heç bir yerində heç kimin ölməsini istəmir, bununla da, bütün dünyada sülh və əminamanlığın bərqərar olmasını istəyirik. Bizim siyasətimizin əsas tərkib hissəsində humanizm prinsipləri var.

Radioda müsahib olan siyasətçi çəkinmədən Azərbaycan Prezidentinin ünvanına sözlər deyir. Xalqın gözü tərəzidir. Xalqımız Prezident İlham Əliyevi dəstəkləyir və onun ətrafında yumruq kimi birləşib. Jirinovskinin bunu başa düşməsi o qədər də çətin deyil. Özü də türkoloqdur. Bir az araşdırsın, ölkəmizdə xalqın Prezidentə olan güvənini və sevgisini rahatlıqla görəcək. Əslində o, bunu yaxşı görür. Sadəcə girdiyi rolda bunu demək ona sərf etmir. Başqa cür desək gündəmdə qalması üçün belə ucuz və yalan ifadələri özünə alət seçib. Vladimir Jirinovski yenə gündəmdə qalmağa çalışarkən siyasi arenanı çayxana ilə səhv salıb.

Sonda qeyd etmək istəyirəm ki, siyasətlə maraqlanan, Jirinovskinin tez-tez dəyişən siyasi rollarını bilən hamı yaxşı bilir ki, onun uydurmaları və haqsız mövqeyi dövlətlər və xalqlararası dostluq prinsiplərinə ziddir. Jirinovskinin bu fikirləri Rusiya dövlətinin rəsmi mövqeyi ola bilməz. Rusiya və Azərbaycan arasında çoxşaxəli əlaqələr mövcuddur və günbəgün inkişaf edir. Onun mövqeyi bizim üçün ümumiyyətlə əhəmiyyət daşımır”.