“Karyera və İşə Hazırlıq Mərkəzi”nin direktoru, ictimai fəal gənc Şahin Sərdarlı deputatlığa namizədliyini irəli sürüb.
İctimai.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:
“Əziz dostlar, 1 Sentyabr tarixində baş tutacaq növbədənkənar parlament seçkilərində 88 saylı Şamaxı Seçki dairəsindən deputatlığa namizəd olacağam.
Cənab Prezident Şamaxı ASAN Xidmət Mərkəzinin açılışında gənclərin seçkilərə fəal qoşulmalarını, yeni simalar, yeni ideyalar və yeni yanaşmalar lazım olduğunu bildirmişdi.
Mən də Ali Baş Komandanımızın bu fikirlərini rəhbər tutaraq doğulub boya-başa çatdığım, həyata hazırlandığım doğma Şamaxımızdan namizədliyimi irəli sürəcəyəm.
Seçki platformamız Şamaxıda gənclərin təhsili, inkişafı, işə hazırlığı, əmək bazarına inteqrasiyası, yeni iş yerlərinin yaradılması, təcrübə mübadiləsi və s. istiqamətində olacaq.
İnanıram ki, doğma Şamaxılılarımız layiq olan namizədə öz dəstəyini əsirgəməyəcək.”