Namizəd Samirə Həsənzadə seçicilərə müraciət etdibackend

9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 34 saylı Xətai rayon seçki dairəsindən namizəd Həsənzadə Samirə Tahir qızı seçicilərə müraciət edib.

Əzizlərim!

Bilirəm ki, bir çoxlarınız yalan və pafoslu vədlərdən bezmisiniz. Və artıq heç kimə inanmırsınız. Elə mən də sizin kimi.

Ona görə mən bu pafoslu və həyata keçirə bilməyəcəyim vədlərdən uzaq olmağa çalışıram. Mən deputat olan kimi bütün problemlərinizi həll edəcəyimi əsla söz verməyəcəm. Lakin sizin problemləriniz olanda yanınızda olacağımı, o problemlərin həlli üçün səy göstərəcəyimi söz verə bilərəm. Söz verə bilərəm ki, bütün məsələləri birlikdə müzakirə edib, üzərində birlikdə işləyib, birlikdə həll yollarını axtaracağıq. Öz gücümüzə həll edə bilmədiklərimizi müvafiq qurumlara catdırıb, onların bu məsələləri həll etmələrinə nəzarət edib, onlar həll olunanadək yanınızda olacağam.

Bundan əlavə sosial rifahımızı yaxşılaşdırmaq üçün bir sıra layihələri həyata keçirmək üçün sizin dəstəyinizə ehtiyacım var.

Mən söz vermirəm ki, pensiyaları qaldıracam. Amma mən söz verirəm ki, pensiyaçılar üçün ictimai nəqliyatda, kommunal xidmətlərin ödənilməsində və dərmanların alınmasında imtiyazların verilməsi üçün bir sıra layihələri həyata keçirməyə çalışacam.

Mən söz vermirəm ki, işsizliyin səviyyəsini azaldacam. Lakın bu sahədə qeyri-formal təhsillə bağlı layihələri həyata keçirməklə, zamanın tələblərinə müvafiq pulsuz təhsil almaqlarına, rahat iş tapmaqlarına kömək edəcəyimə söz verə bilərəm.

Mən söz vermirəm ki, təhsildə reformalar həyata keçirəcəm. Mən təhsil eksperti olaraq, məktəblilər və tələbələr üçün xüsusi layihələri həyata keçirərək, onların müasir təhsil standartlarına uyğun bilik və bacarıqlarına yiyələnməklərinə kömək edəcəyimə söz verirəm.

Mən söz vermirəm ki, şəhid ailələri və müharibə veteranları üçün imtiyazları artıracağam. Lakin qətiyyətlə söz verirəm ki, onların problemlərinin həlli prioritet olacaqdır.

Mən söz vermirəm ki, məhdud imkanlara malik olan insanlar üçün ödənişin miqdarını artıracam. Amma mən söz verirəm ki, onların cəmiyyətdə rahat və müstəqil, heç kimdən asılı olmayaraq yaşamaları üçün müvafiq qurumlarla birgə bir sıra layihələri həyata keçirəcəm.

Mən söz vermirəm ki, Qarabağ məsələsini həll edəcəm. Lakin mən bu məsələni daima gündəmdə saxlanılması və həlli üçün beynəlxalq səviyyədə addımların atılmasına səy göstərəcəyimə söz verirəm.

Mən söz vermirəm ki, səhiyyəmizdə olan bütün problemləri həll edəcəm. Amma bu sahədə islahatlar etmək üçün bir sıra layihələri təqdim edib, onların həyata keçirilməsinə çalışacağam.

Mən söz vermirəm ki, mən bütün bunları təkbaşına edəcəm. Lakim mən əminəm ki, biz bir olsaq, birlikdə olsaq, bütün vədlərim reallığa çevrilə bilər.

İndi mənim sizin səslərə ehtiyacım var. Bizi eşitmələri üçün 9 fevral 2020-ci il tarixində seçkilərə gedib mənə səs verməyinizi sizdən istəyirəm.

İctimai.az