Şanlı Zəfərin – Qanlı tarixibackend

Tarixi Azərbaycan torpaqlarına rusların böyük köç siyasəti nəticəsində köçürülən ermənilərin məskunlaşmasından sonra onların “böyük ermənistan” yaratmaq xülyasına düşmələri xalqımıza qarşı başlamış düşmənçilik siyasətinin başlanğıcı oldu. Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə ermənilər tərəfindən Azərbaycan əhalisinə kütləvi soyqırım aktları həyata keçirilməyə başladı. Dinc əhaliyə qarşı divan tutan qansız ermənilər Bakıda, Gəncədə, Tiflisdə, İrəvanda, Naxçıvanda, Qarabağda, Zəngəzurda azərbaycanlıları öldürmüş, dəhşətli qətllər və cinayətlər törətmişdilər. Erməni müəllifi N.Adonsun verdiyi statistik məlumatlara əsasən qeyd etmək olar ki, 1905-1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud olmuş 1301 kəndin 959-da, Zəngəzur qəzasında mövcud olmuş 406 kəndin isə 314-də türklər yaşamışlar. Zəngəzurda köçkün ailədən çıxmış həmin erməni tarixçi qarşısında dayanan təkzibedilməz maddi sübutlardan yan keçə bilmir, Dağlıq Qarabağ tarixi ilə bağlı həqiqəti etiraf etməyə məcbur olur: “Artsax həmişə erməni nüfuz dairəsindən kənarda olmuşdur.”

O dövrdə təkcə İrəvan quberniyası və Zəngəzurda mövcud olmuş 1273 türk kəndindən bu gün, Naxçıvan qəzası istisna olmaqla bütün kəndlər azərbaycanlılardan təmizlənmişdir. Deməli, həmin ərazilərdə 1905-1906-cı illərdən başlayaraq silah gücünə etnik təmizləmə siyasəti həyata keçirilmişdir ki, bu da mahiyyətcə soyqırım deməkdir. Çar siyasətinin əmri ilə Azərbaycanlıların özləri ilə silah gəzdirməsinin qadağan olduğunu fürsət bilən erməni daşnakları hər bir vəchlə silahsız azərbaycanlılara qarşı törətdikləri amansız cinayətlərin tayı-bərabəri yoxdur.

Tarixi faktlara qaynaqlanaraq söyləmək olar ki, öz məkirli əməllərini həyata keçirmək üçün Tanrı məbədlərindən istifadə edən ermənilər həmin məbədləri xalqımıza qarşı quldur dəstələrini silahlandıran mərkəzlərə çevirmişdirlər. Əgər biz XX yüzilliyin əvəllərindən başlayaraq bu günümüzədək erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən aşkar və gizli qırğınlara, torpağımıza şərik və sahib olmaq məqsədilə aparılan təbliğatlara və silahlı vuruşmalara dair Çar Rusiyasında və keçmiş SSRİ-də, eləcə də xarici ölkələrdə yazılmış onlarla məxəzi izləmiş olsaq, görərik ki, elə bu iki millət arasında ədavəti qızışdıran və təşkil edən başlıca qüvvə kilsə və onun ətrafına toplanmış erməni «ziyalıları» olmuşdur.

Lakin Azərbaycan dövləti hər zaman sülh və əmin-amanlıq içərisində yaşamaq arzusunda olmuşdur. Azərbaycan xalqı necə min illər boyu etnik millətlərlə dostluq və firavanlıq içərisində yaşayıbsa, eləcə də ermənilərə qarşı insani hisslər və düşüncələrlə yaşamaq arzusunda olmuşdur. Bundan sui-istifadə edən ermənilər hər anı fürsət bilib öz çirkin, bədxah əməllərini törətməkdə davam etmişdilər. 1948-1956-cı illərdə 150 minə yaxın azərbaycanlının zorla deportasiya olunması, 1987-ci ildə isə daha çox 300 minə yaxın azərbaycanlının öz doğma yurd-yuvasından qovulması ermənilərin məkrli siyasətlərinin başlanğıcı idi. Ermənilər 1988-ci ildən başlayaraq Qarabağda, Bakıda, Sumqayıtda minlərlə  günahsız insanın ölümünə səbəb olmuş, onları vəhşicəsinə öldürmüşdürlər.

Mir Möhsün Nəvvabın “1905-1906- cı illərdə erməni-müsəlman davası” kitabından bir neçə tarixi faktı misal gətirmək istərdik. “Şuşakəndin və Keşiş kəndinin erməniləri müsəlman məhəllələrinin müqabilində Topxana deyilən yerdə səngərlər tərtib etmişdilər. Odur ki, ermənilər həmin kəndlərdən gəlib bu səngərlərdən də müsəlmanları atəşə tuturdular. Bütün bu hazırlığa baxmayaraq, Allah-təalanın köməyi ilə heç bir iş görə bilmədilər”. Digər bir fakt: “Bakıda baş verən bu qırğından bir az sonra şəhər qubernatoru faytonda küçə ilə gedərkən bir neçə nəfər erməni faytonun üzərinə hücuma keçərək bomba atıb partlatmışlar. Bombalar faytonun yanında yerə dəyib partlayaraq faytonu darmadağın etmişdir. Partlayışdan ağır yaralar alan qubernator və atlar ordaca ölmüşdür”. Belə tarixi faktların sayı çoxdur.

Məhz bu çirkin əməllərə, vəhşiliklərə cavab olaraq ermənilərin tarixi ərazilərimizdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

XX yüzilliyin hadisələrindən sonra keçmiş sovetlər birliyinin dağılmasını və müstəqil Azərbaycanın başında möhkəm bir liderin olmamasını fürsət bilən erməni vandalları yenidən Azərbaycana qarşı amansız cinayətlər törətmək arzusuna düşdülər və törətdikləri cinayətlərin dünyada misli, bərabəri yox idi. Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin aydın göstəricisidir.

1992-ci ildən başlayaraq Azərbaycana qarşı başlanan işğalçılıq siyasəti 30 il böyunca davam etməkdə idi. Lakin bir qədər diqqətlə baxsaq görərik ki, işğal edilmiş Azərbaycan torpaqlarında heç bir yenidənqurma işləri aparılmamışdır. Çünki bu torpaqların nə vaxtsa geri qayıdacağından qorxan ermənilər həmin əraziləri viran qoymaqla bərabər ancaq minalar basdıraraq gələcəkdə ola biləcək hadisələrdən sanki özlərini sığortalamağa çalışmışdılar. Qazdıqları tələyə özləri düşən ermənilər bütün dünyada rüsvay olmaqla yanaşı, tarixi Azərbaycan torpaqlarına qarşı törətdikləri hər bir cinayəti boyunlarına aldılar.

Ali Baş Komandanımız, Cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində göstərilən şücaət bütün dünyada əks-səda doğurdu. Tələsdik, səbirsizləndik, arzuladıq, nifrətimiz daha da böyüdü, irəlilədik, ümidləndik amma Cənab Prezidentimizin söylədiyi bu kəlmə hər birimzə ən gözəl cavab və təsəlli oldu: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Həqiqətən də, Ali Baş Komandan nəyi, nə zaman etməli olduğuna zamanında qərar verərək, doğru siyasət nəticəsində bəlkə də dünya tarixində ən gözəl, ən mübariz, hərbi baxımdan ən taktiki anti-terror hərəkatını həyata keçirdi və 44 gün içində şücətli əsgərlərimizin mərdliyi, igidliyi ilə bizi əzəli torpaqlarımıza qovuşdurdu. Rəşadətli Azərbaycan ordusunun göstərdiyi şücaət dillərə dastan oldu. Düşmən üzərində müzəffər ordumuzun çaldığı şanlı tarixi qələbə Vahid Azərbaycanı iki hissəyə parçalamış qəddar rus imperiyasının 200 illik işğal tarixinə vurduğu ilk ağır zərbədir!.. Bu gün min illər boyu formalaşmış hərb tariximizin ən gözəl səlnaməsi olan “Zəfər” tariximiz və bütöv Azərbaycan gələcək nəsillərə ən böyük ərmağandır. Nə xoşbəxtik ki, şəhidlərimizin axıtdıqları o müqəddəs qan yerdə qalmadı. Yaşasın Müstəqil Azərbaycan!

Bakı Slavyan Universiteti

Cəfərova Səbinə Namiq qızı