Şəfəq Abdullayevanın “Böyük Britaniyanın iqtisadiyyatı” dərs vəsaiti işıq üzü görübbackend

Azərbaycan Dillər Universitetinin (ADU) i.f.d., professoru Şəfəq Abdullayevanın “Böyük Britaniyanın iqtisadiyyatı” adlı dərs vəsaiti nəşr olunub.

Beş fəsildən ibarət dərs vəsaitində müəllif Böyük Britaniya iqtisadiyyatının ümumi xarakteristikası, aparıcı sahələri, maliyyə-kredit və bank sistemi, sosial-iqtisadi problemləri, həmçinin dünya iqtisadiyyatında ölkənin yeri və rolu haqqında ətraflı araşdırmalar aparıb. Vəsaitdə həmçinin Britaniyanın tarixi inkişaf mərhələləri, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin əhəmiyyəti qısa və ardıcıl şəkildə təqdim edilib.

Müəllif dərs vəsaitində eyni zamanda Böyük Britaniyanın beynəlxalq münasibətlərdəki iqtisadi mövqeyi, xarici-iqtisadi əlaqələri, o cümlədən Azərbaycan ilə iqtisadi əlaqələrinin əhəmiyyətinə diqqət yetirib.

Şəfəq Abdullayevanın yazdığı dərs vəsaiti ali təhsil müəssisələrinin tələbələri və geniş oxucu kütləsi üçün faydalı olacaq.

Qeyd edək ki, Ş. Abdullayeva iki dərslik, beş dərs vəsaiti, bir monoqrafiya, on beş fənn proqramı və 60-dan çox elmi məqalə və tezisin müəllifidir. O, həmçinin Respublika və xaricdə keçirilən beynəlxalq simpozium, seminar və konfransların fəal iştirakçısıdır. Onun elmi əsərləri Kanada, Niderland, Serbiya, Polşa, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Rusiya, Ukrayna və digər ölkələrdə dərc olunub.