Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblərə hökm oxunubbackend

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntüləri sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan üç Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə yekunlaşıb.

İctimai.az-ın məlumatına görə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunaraq təqsirləndirilən əcnəbilərin hər üçü ayrı-ayrılıqda iki il azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə onlar cəzalarını çəkdikdən sonra ölkə ərazisindən çıxarılacaqlar.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən ərəblərin hər birinin ayrı-ayrılıqda 4 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, avqustun 17-də üç nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntüləri sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günə gəldikləri, çəkdikləri videoları sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.