Şəmkirin ögey övladı: Zibil içində boğulan Düyərlibackend

Şəmkir  RİH  turistlərin “pis qoxulu kənd” adlandırdığı Düyərliyə niyə biganədir?

Redaksiyamıza Şəmkir rayonundan müraciət daxil olub. Republikanın ən böyük kəndlərinən biri olan Düyərli kənd sakinləri saytımızın elektron ünvanına məktub ünvanlayıblar. Kənd sakinləri məktublarında kəndin ən böyük problemi olan məişət tullantılarının yaratdığı antisanitariyadan şikayət edirlər. Onların müraciətini olduğu kimi təqdim edirik:

Tvpress.az İnternet Qəzetinin redaksiyasına

Şəmkir rayonu Düyərli kənd sakinləri tərəfindən 

MÜRACİƏT

Sizə müraciət etməkdə əsas məqsədimiz Şəmkir rayonunun Düyərli kəndində mövcud olan kütləvi məişət tullantıları probleminin aradan qaldırılması ilə bağlıdır.

Belə ki, sözügedən kənd nəinki Şəmkir rayonunun, eləcə də ölkəmizin ərazi və əhalinin sıxlıq (11 min nəfərə yaxın) baxımından ən iri kənd yaşayış məntəqələrindən biri hesab olunur. Bununla yanaşı kəndimizin ərazisindən böyük “İpək yolu” şəbəkəsinə daxil olan həm avtomagistral, həm də dəmir yolu xəttləri keçir.

21-ci əsrdə, ölkəmizin bu cür davamlı inkişaf etdiyi bir dönəmdə Düyərli kəndində kütləvi məişət problemi günü-gündən böyüməkdədir.

Diqqətinizə çatdırmaq istərdik ki, Düyərli kəndi hər zaman özünün səliqəli küçələri, ekoloji təmizliyi və bir çox digər göstəriciləri ilə nəinki rayon, eləcə də respublika səviyyəsində ən qabaqcıl yaşayış məntəqələrindən biri olub. Bu gün kəndin üzləşdiyi kütləvi məişət tullantıları problemi isə kəndi çox acınacaqlı bir duruma gətirib çıxarıb. Zibil tullantıları tək  küçələrdə deyil, kəndin bütün ərazisini əhatə etməklə ürəkbulandırıcı qoxusu ilə bütün kəndi təhlükə altına alıb. Hətta kəndin ərazisindən ötüb keçən yerli və xarici turistlər kəndi “pis qoxulu kənd” adlandırırlar. Bütün dünyanın cənginə alan pandemiyanın bu kənddə rahat tüğyan etməsi üçün “münbit” şətait var, insanlar nə qədər gigiyenik qaydalara əməl etsələr də bu şəraitdə virusa yoluxmaq qaçınılmazdır. Kəndin bu problemi 10 ildən artıqdır ki, mövcuddur və onun aradan qaldırılması ilə bağlı kənd sakinləri tərəfindən dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da heç bir tədbir görülməyib, müraciətimiz cavabsız qalır, nə rayon rəhbərliyi, nə bələdiyyə bu problemlə maraqlanmır.

Rayon rəhbərliyinin etinasızlığını görərək ötən ilin aprel ayından kənd sakinləri öz büdcələri hesabına fond təsis ediblər. “Düyərli Xeyriyyə Fondu” kəndin bir çox problemlərinin aradan qaldırılması məsələsi ilə yanaşı zibil problemi ilə bağlı da əlindən gələni edir. Belə ki, bu problemin aradan qaldırılması üçün xeyriyyəçi kənd sakinlərinin vəsaiti hesabına zibil maşınının alınması və zibillərin mütəmadi şəkildə daşınması məqsədi ilə “Təmiz Düyərli” layihəsinə start verib. Lakin bu layihə kəndin zibil probleminin tam aradan qaldırılması üçün yetərli olmayacaq. Bunun üçün mütləq şəkildə aidiyyəti dövlət qurumlarının dəstək verməsi vacibdir.

44 günlük Vətən Müharibəsində cavan igidlərimizin qanı bahasına geri aldığımız Qarabağ torpaqları kimi Düyərli kəndi də ölkəmizin ayrılmaz bir tərkib hissəsidir və əlimizdə olan bu məkanı təmiz saxlamaq kənd sakinləri ilə yanaşı aidiyyəti dövlət orqanlarının da borcudur. Gəlin hamılıqla əl-ələ verək, doğma kəndimizin təmizliyi yolunda inamla addım ataq, tullantılardan azad edək, ətraf mühitimizi qoruyaq. Axı bu məkanlardan gələcək nəsillər, öz övladlarımız da istifadə edəcək. Balalarımıza təmiz mühit ərməğan edək. Bu kənd, bu el-oba bizimdir! Biz onun qədrini bilməsək, kim biləcək?!

Düyərli kəndinin mövcud zibil probleminin KİV-də kifayət qədər işıqlandırılması, səsimizin aidiyyəti orqanlara çatdırılması, habelə Düyərli kəndini bu bəladan xilas etmək üçün aidiyyəti dövlət qurumlarının “Düyərli Xeyriyyə Fondu”na lazımi dəstək göstərməsi üçün bizlərə yardımçı olmağınızı xahiş edirik.

Dərin Hörmətlə:

Şəmkir Rayonu Düyərli kənd sakinləri