Şərqdə İlk Demokratik Respublika – Azərbaycan Xalq Cumhuriyyətibackend

Müsəlman Şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il keçir.

Bir əsr bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu. Müsəlman Şərqində, türk aləmində ilk dəfə olaraq dünyəvi, parlamentli müstəqil demokratik respublika yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi.

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin  məhz Azərbaycan ərazisində yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonu və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl nümayəndələri, mütəfəkkir adamları və ziyalıları xalqımızın milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunlar yekun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxartmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında dayanan ən vacib vəzifə Azərbaycanın dövlət müstəqilliyinin tanıdılması idi. Bunun üçün Birinci Dünya müharibəsinin nəticələrinin müzakirə edildiyi Paris sülh konfransına nümayəndə heyəti göndərildi. Paris Sülh Konfransı 1919-cu il yanvarın 18-dən 1920-ci il yanvarın 21-nə qədər fasilələrlə davam edib. Konfransda 27 dövlətin nümayəndələri iştirak etsə də, dünyanın taleyini əsasən “böyük dördlük”- ABŞ prezidenti V.Vilson, Britaniyanını baş naziri L.Corc, Fransanın baş naziri J.Klemanso və İtaliyanın baş naziri V.Orlando həll edirdi. Sülh nümayəndə heyətinə sədr Əlimərdan bəy Topçubaşov, üzvlər isə Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Məmməd Məhərrəmov, Əkbər ağa Şeyxülislamov, Miryaqub Mirmehdiyev və Ceyhun bəy Hacıbəyov daxil idi.  Əhməd bəy Ağayev gedə bilmədiyindən onu Abbas bəy Atamalıbəyov əvəz etmişdi. Nümayəndə heyəti çox gec-may ayının əvvəlində Parisə gəlib çıxa bilmişdi. Əsas məqsəd Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. Qafqaz üçün Rusiya təhlükəsinin getdikcə artdığı bir şəraitdə İngiltərənin xarici işlər naziri lord Kerzonun təkilifi ilə 1920-ci il yanvar ayının 11-də sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu münasibətlə yanvar ayının 14-ü Azərbaycanda qeyri-iş günü elan olundu, həmin gün Bakıda bayram şənlikləri və hərbi parad keçirildi.

Erməni daşnaklarının vasitəçiliyi, Sovet Rusiyasının hərbi müdafiəsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Azərbaycan Parlamenti aprel ayının 27-də rus ordusunun təzyiqləri altında hakimiyyətin Azərbaycan müsəlman kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etdi.

Azərbaycan Dövləti Qərb ölkələri tərəfindən rəsmi şəkildə tanınan ilk türk və müsəlman respublikası idi. Azərbaycan xalqının milli azadlıq hərəkatının qanunauyğun nəticəsi kimi yaranmış, xalqımızın demokratik ənənələrinin qanuni varisi kimi formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının əzəli arzusu olan müstəqilliyin gələcəkdə gerçəkləşməsi üçün zəngin ənənələr və möhkəm mənəvi zəmin yaratdı.

Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin və xalqımızın tarixində və taleyində oynadığı tarixi roldan bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi”.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını nəsildən-nəsilə ötürdü. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ideyasının həyata keçiriləcəyinə öz varlığı kimi inanır və həmin vaxtın yaxınlaşmasını aydın görərək bu istiqamətdə müdrikliklə, böyük ustalıqla iş aparırdı. Ulu öndərin Naxçıvanda yaşadığı illər, Naxçıvan Muxtar Respublikası parlamentində bu görkəmli dövlət xadiminin sədrliyi və təşəbbüsü ilə qəbul olunan qərarlarla müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalında qaldırıldı. 1992-ci il mayın 28-də isə Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində Sədərək-Dilucu körpüsü istifadəyə verildi. Bu tarix elə bir dövrə təsadüf edir ki, Naxçıvan tamamilə təklənmişdi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın əsas ərazisi ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş, iqtisadi böhran dərinləşmişdi. Belə bir şəraitdə Türkiyə ilə münasibətlərin bərpası istiqamətində Naxçıvanda görülən işlər, atılan addımlar Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə – bu gününə hesablanmışdı.

Ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi də ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.

1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi. Lakin bu dövrdə öz müstəqilliyini bəyan edən Azərbaycan dövlətinin möhkəmləndirilməsinin qarşısının alınması üçün bəzi xarici qüvvələr və daxildə olan imperiyapərəst ünsürlər böyük maneələr və problemlər yaratmağa başladılar. Ermənistanın əsassız torpaq iddiası ilə bağlı Azərbaycana hərbi təcavüzü, separatçı qüvvələrin baş qaldırması, daxildə müxtəlif təxribatlar törədilməsi ölkədə mürəkkəb vəziyyət yaratdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.

1993-cü ildə 1920-ci ildəki tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız ümummilli lider Heydər Əliyevi Azərbaycanın siyasi hakimiyyətinə dəvət etdi. Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, strateji xətt Azərbaycanı xilas etdi, onu müasir, müstəqil və güclü dövlətə çevirdi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci dövründə Xalq Cümhuriyyətinin əsl tarixinin, cümhuriyyət xadimlərinin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi, şərəfli tarixinin yazılması, bu tarixin bütün yönləri ilə müasir nəsillərə çatdırılması, cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdir­il­mə­si kimi məsələlər həyata keçirilmişdir.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmış, onun memarı, qurucusu və xilaskarı olmuşdur. Azərbaycan Respublikası müstəqilliyini qorumuş və möhkəmləndirmiş, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülmüş, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmişdir. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varislik əlaqəsini təmin etmişdir. Bu gün Heydər Əliyev siyasi kursu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl surətdə həyata keçirilir. Azərbaycan tarixinin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinin fəaliyyəti müntəzəm öyrənilir, bu ideyaların inkişaf etdirilməsi və həyata keçirilməsi üçün ciddi işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü müstəqil Azərbaycan  Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”.

 

Azər Nemətli,

YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini