Sistemli islahatların davamıbackend

Bu gün ölkəmizdə aparılan genişmiqyaslı islahatlar bütün sahələri əhatə edir. Belə ki, iqtisadi, sosial, siyasi və digər sahələrdə aparılan islahatlar Azərbaycanın dinamik inkişafını təmin edir. Eyni zamanda 2020-ci ildə yeni tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların aparılmasına böyük töhfələr verməkdədir.
Bildiyiniz kimi, 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Azərbaycan Respublikası Prezident cənab İlham Əliyev söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi, eyni zamanda Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Qeyd edim ki, cənab İlham Əliyevin ətraflı və dolğun çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Dövlət başçısının parlamentdə dərin məzmunlu çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Bildirdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirilmişdir.
Qeyd edim ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır. Prezident cənab İlham Əliyevin çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Dövlət başçısı 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırdı.
Prezident cənab İlham Əliyev gənclər siyasəti ilə bağlı fikilərini bildirərkən ölkəmizdə əhalinin mütləq əksəriyyətinin gənclər, demoqrafik mənzərənin çox müsbət olduğunu qeyd edib. Çıxışında gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, könüllülər hərəkatından, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə bir sıra addımlar atılmağını vurğulayaraq, ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amilin mövcud olmadığını, lakin anti-Azərbaycan qüvvələrin ölkəmizin xaricində bu amilləri yaratmaq istədiklərini diqqətə çatdırıb. Qeyd edib ki, həmin qüvvələrin özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qrup­laşmadan artıq əlləri üzülüb və onlara heç inam da qalmayıb. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlərin həyata keçirilməli olduğunu, Milli Məclisin və onun müvafiq komitələrinin bu işlə məş­ğul olub konkret təkliflər irəli sürəcəklərinə ümid bəslədiyini bildirmişdir.
Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Dövlət başçısı beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına da toxunaraq, beynəlxalq təmsilçilik məsələləri barədə də ətraflı çıxış etmişdir.
Parlamentin sosial sahə ilə bağlı məsələlərdə daha fəal olmasının vacibliyindən danışarkən Prezident İlham Əliyev bu sahənin, həmişəki tək, prioritetliyini diqqətə çatdırıb, ötən illərdə önəmli addımlar atıldığını və bunun davam etdiriləcəyini bildirmişdir.
Sonda qeyd etmək istəyirəm ki, bu gün uğurla fəaliyyət gösərən altıncı çağırış Milli Məclis bundan sonra da dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verəcək. Parlament xüsusilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini quracaq və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atacaqdır.

Mönsüm ALIŞOV, pedaqoji elmlər doktoru, professor