12 aprel 2026-cı il tarixində Bakı şəhərində yerləşən Badamdar Otelində “Spring charity bazaar” adlı xeyriyyə məqsədli yarmarka təşkil olunacaq.
Tədbirin əsas məqsədi sosial dəstəyə ehtiyacı olan şəxslərə yardım göstərmək, eyni zamanda cəmiyyətin diqqətini xeyriyyəçilik fəaliyyətinə yönəltməkdir.
Yarmarkada yerli və xarici ustaların əl işləri, müxtəlif məhsullar, həmçinin milli və dünya mətbəxinə aid təamlar və şirniyyatlar satışa çıxarılacaq. Tədbir çərçivəsində ziyarətçilər üçün maraqlı musiqi proqramı, əyləncəli fəaliyyətlər və müxtəlif hədiyyələr nəzərdə tutulub.
Bununla yanaşı, uşaqlar üçün xüsusi əyləncə zonası təşkil ediləcək. Burada xına və üz bəzədilməsi xidmətləri təqdim olunacaq, həmçinin müxtəlif oyunlar və lotereyalar keçiriləcək.
Tədbirdə yerli və xarici təşkilatların nümayəndələri, səfirliklər və dövlət qurumlarının təmsilçilərinin iştirakı gözlənilir.
Qeyd edək ki, yarmarka hər yaş qrupundan olan ziyarətçilər üçün açıqdır və iştirakçılara həm əyləncəli, həm də sosial baxımdan faydalı bir gün vəd edir.















