Sumqayıtda “Gənc müəllimlərin Böyük Qayıdışa dəstək forumu” keçirilib

Sumqayıt şəhərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Böyük Qayıdış” Gənclər Təşkilatı və Şərqi Zəngəzur RTİ-nin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə iyunun 25-də “Gənc müəllimlərin Böyük Qayıdışa dəstək forumu” keçirilib.

Forum gənc müəllimlərin gələcək fəaliyyət istiqamətlərini, Böyük Qayıdış prosesində rollarını müəyyənləşdirmək, istedadlı gənc müəllimləri aşkara çıxarmaq və Şərqi Zəngəzur regionundan olan müəllimlərin əməkdaşlıq şəbəkəsini genişləndirmək məqsədilə təşkil olunub.

300-dən çox gənc müəllimin iştirakı ilə baş tutan forumda dövlət rəsmiləri, millət vəkilləri, tərəfdaş qurumların və elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Forum Azərbaycan Dövlət Himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Forumun rəsmi hissəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İnformasiya və Vətəndaşlara Xidmət Şöbəsinin müdir müavini Səbuhi Rzayev, Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və Layihələrin İdarə Olunması Şöbəsinin müdiri Faiq Məmmədov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə və Cəbrayıl rayonu şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin gənc müəllimi Aysu Məmmədli çıxış ediblər.

Natiqlər çıxışlarında Prezident İlham Əliyevin Şərqi Zəngəzurla bağlı imzaladığı fərman və sərəncamların əhəmiyyətini, Ali Baş Komandanın zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, işğaldan azad olunmuş torpaqların yenidən dirçəldilməsi, keçmiş məcburi köçkün əhalinin öz doğma yurd-yuvalarına qaytarılması, Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın təmin olunması və bu prosesdə gənc müəllimlərin rolu, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərimizin cəmiyyətdə tanıdılması işində gənclərin vəzifələri, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, Vətən müharibəsində iştirak edən gənc müəllimlərin və ümumilikdə bütün gənclərin maraqlarının dəstəklənməsi kimi məsələləri diqqətə çatdırıblar.

Həmçinin, qeyd olunub ki, növbəti tədris ilində bu formatda forumun Qarabağ iqtisadi regionu üzrə keçirilməsi və bu istiqamətdə işlərin davamlı olaraq aparılması nəzərdə tutulub. Forumun birinci hissəsi Şərqi Zəngəzurdan olan incəsənət xadimlərinin iştirakı ilə bir-birindən maraqlı musiqi ifaları ilə yekunlaşıb. Forumun ikinci hissəsi panel müzakirə ilə davam edib.

“Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürovun moderatorluğu ilə “Böyük Qayıdış prosesində gənc müəllimlərin rolu və onlardan gözləntilər” mövzusunda təşkil olunan panel müzakirədə millət vəkili Ceyhun Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov və Laçın rayonunun ziyalısı, Bakı Dövlət Universitetinin dosenti Mehman Tarverdiyev spiker qismində iştirak ediblər. Panel müzakirə sual-cavab sessiyası ilə başa çatıb. Gənc müəllimlərin mövzu ilə bağlı təklifləri səsləndirilib və onları maraqlandıran suallar cavablandırılıb. Sonda forum iştirakçılarının təəssüratı dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.

 

Oxşar xəbərlər