Sumqayıtda qayınatasını öldürməkdə şübhəli bilinən kürəkən saxlanılıbbackend

İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İctimai.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.