Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdirbackend

2021-ci il iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”ni imzalanmasının ikinci ili ərəfəsindəyik. Və bu günü xalqımız ikiqat bayram kimi qeyd edəcək. Bu mühüm sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. 2021-ci il iyunun 15-də tarixi Qars müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycanın müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb edir. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Ən əsası isə, Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdəki qələbələrinin təməli qoyuldu. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq! Çünki bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstəyi və qazanılan zəfər regionda yeni reallıqlar yaratdı. Bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin şahidi oldu. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Və bu gün regionun güclü, strateji tərəfdaş, qardaş olan Türkiyə-Azərbaycan birliyi bundan sonrakı dövrdə də davam edəcək və bu regionda başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər.Bir sözlə, Şuşa Bəyannaməsi Ermənistanda revanşist qüvvələrin bütün avanturist iddialarını darmadağın etdi. 30 ilə yaxın davam edən erməni işğalı səbəbindən uzun fasilədən sonra Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi, azərbaycanlı olaraq, hər birimizdə sonsuz fəxarət və böyük qürur hissləri yaratdı. Cıdır düzündə iki gün davam edən və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan möhtəşəm festival, sözün əsl mənasında, tarixi Zəfərimizdə böyük pay sahibi olan milli birlik və milli həmrəyliyin bayramı kimi qeyd edildi. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyən və bu istiqamətdə qətiyyətli addımlar atmaqda davam edən Prezidentimiz hər birimizdə Şuşanın və doğma Qarabağımızın bütün dilbər guşələrinin dirçəldiləcəyinə, eləcə də həmin torpaqlarda Azərbaycan xalqının əbədi yaşayacağına tam əminlik yaradıb. Bu gün böyük sevinclə qeyd etdiyimiz Şuşa Bəyannaməsinin imzalanması ilə regionda yeni inkişaf mərhələsinin əsası qoyuldu. Bəyannamənin tarixi əhəmiyyəti həm də onunla bağlıdır ki, bu tarixi sənəd ictimai həyatımızın digər sahələrinə aid olan məsələlərin həllini də gerçəkləşdirəcək. Başqa sözlə, bəyannamə həm iki ölkə arasında, həm də regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, bəyannamədə xüsusi məsələ kimi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhlizin açılması isə siyasi önəm daşımaqla yanaşı, daha çox iqtisadi əhəmiyyətə malik olacaq.

Bir sözlə, ŞUŞA BƏYANNAMƏSİ: “Bir millət, iki dövlət”in müttəfiqliyini, qardaşlığını ən üst səviyyəyə qaldıran iki imzanın lider müəlliflərinin birliyidir.

 

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı