Şuşa-Laçın yolunda təşkil edilmiş etiraz aksiyanın səbəbləri və məqsədləri

Şaxtalı havaya baxmayaraq, Laçın-Şuşa yolunda Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəalların keçirdiyi etiraz aksiyası davam edir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər. Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən aksiyaya qoşulanların sayı getdikcə artır. Onlar çadır evləri qurub, sülhməramlıların komandiri Andrey Volkovun onlarla danışmasını tələb edən şüarlar səsləndiriblər. Ölkənin müxtəlif bölgələrindən etiraz aksiyasına dəstəkçilər gəlməkdədir. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. Etirazçılar üçün qurulmuş çadırlara isti yemək çatdırılır və dinc şəraitdə öz aksiyalarını davam etdirirlər.Qeyd edək ki, burada əsas şüarlar ekologiya, ətraf mühit və mina terroru ilə bağlı səsləndirilir.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notası göndərib. Notada Azərbaycan nümayəndələrinin göstərilən yataqlara maneəsiz baş çəkmələrini təmin etməyə çağırış əks olunub. Belə səfərə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Vahid Xəlilov,
Nəsimi rayonu 159 saylı tam orta məktəbin direktoru

Oxşar xəbərlər