Tamerlan Əkbərov : “Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilir”backend

Müasir dünyamızda koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzi dövlətlər bu sınaqdan layiqincə çıxmaqdadır, bəziləri isə çoxsaylı insan itkisi və iqtisadi tənəzzüllə üz-üzə qalmışdır. Bu infeksiya bu ilin əvvələrindən yayılma sürətinə görə tarixdə baş vermiş digər virusları geridə qoydu. Əbəs yerə deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı koronovirus infeksiyasını mart ayında pandemiya elan etdi. Azərbaycan üçün isə bu il uğurla başlayıb, inkişaf və tərəqqi müşahidə olunub.

Digər ölkələrlə müqayisədə Azərbaycanda virusa qarşı qabaqlayıcı tədbirlər vaxtında tətbiq olunub və dövlət tərəfindən nəzarətdə saxlanılıb. Təsadüfi deyil ki, Azərbaycanın koronavirusla uğurlu mübarizə modeli, atdığı opretaiv addımlar bir çox dünya ölkələri tərəfindən təqdir və tətbiq edilir. Bütün dövrlərdə olduğu kimi, Azərbaycan dövləti bir daha nümayiş etdirdi ki, ən əsas məsələ vətəndaşların sağlamlığı və insanlarımızın həyatıdır. Son günlərdə Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı təşəkkür məktubları da isbat edir ki, atılan addımlar xalqımız tərəfindən böyük rəğbətlə qaşılanır. Bu məqamda xüsusilə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də və mayın 12-də Prezidentimizə ünvanladığı məktubları qeyd etmək lazmdır. Baş direktorun ünvanladığı məktublarda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı ön cərgələrdə yer alır. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. ÜST-nin Baş direktoru ünvanladığı son məktubunda 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə COVID-19-la bağlı Türk Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünün əməkdaşlığı daha da gücləndirdiyini və hər iki təşkilat arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Həmçinin Qoşulmama Hərəkatının videokonfrans formatında təşkil olunan Zirvə görüşünə toxunan T.Qebreyesus tədbirin çox uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidentini təbrik edib və bunu mükəmməl bir təşəbbüs adlandırıb. Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti və onun müdrik rəhbəri öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.
Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar digər beynəlxaq təşkilatlar kimi Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də təqdir olunur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində həm siyasi, həm iqtisadi, həm də sosial məsələlərin sürətli həlli istiqamətində elə bir vəziyyət yaranıb ki, Azərbaycan heç kimdən asılı deyil. Bu çətin vəziyyətdən şərəflə çıxmaq bir daha göstərəcək ki, bütün addımlar düşünülmüş addımlardır və xalqın, dövlətin maraqlarına uyğundur.

Azərbaycan dövləti sosial dövlət olduğunu bir daha sübut edərək, iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketi qəbul edib. Bütün bunlarla yanaşı aztəminatlı ailələrə müntəzəm ərzaq yardımının göstərilməsi, bu istiamədə Heydər Əliyev Fondunun və Regional İnkişaf İctimai Birliyinin həyata keçirdiyi irihəcmli sosoial layihələri də qeyd etmək olduqca vacibdir.

Tamerlan Əkbərov
Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri