Tanınmış şairə Telli Pənahqızı müraciət etdibackend

Əməkdar telejurnalist, şairə, publisist, nasir Telli Pənahqızı bir qrup elm və mədəniyyət xadimlərinə müraciət edib. 

İctimai.az həmin müraciəti təqdim edir:

Sabahınız xeyir, dəyərli dostlar!
Bu gün mən üzvü olduğum Azərbaycan Jurnalistlər Birliyinin sədri, çox hörmətli Elçin Şıxlıya, Azərbaycan Yazıçılar Birliyinin sədri , ağsaqqalımız, qüdrətli qələmdaşımız Anar müəllimə, illərdən bəri yaradıcılıq əməkdaşlığında olduğum Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova, Bəstəkarlar İttifaqının sədri, əzizimiz Firəngiz Əlizadəyə müraciət etmək istəyirəm :
Əzizlərim! Bilirsiniz ki, dünyanın yeni düzəni söz, fikir, ideya çarpışmasında qalib gələnlərin əli ilə səhmanlanır, 21-ci əsrin ixtiyar sahibləri daha çox hay-küy qoparıb dünyanı yalanlara, şərə, böhtana inandırmağı bacaranlardır. Bizim bir çoxumuz elə bilirik ki, planetimizin dörd bir yanında yaşayan insanlar, xüsusilə də super dövlətlərin sakinləri və ya bu dünyanı yönəldən ölkələrin vətəndaşları əsrlər boyu başına müsibətlər gətirilən, ərazisi qayçılanıb ona -buna, yersizlərə, qaraçılara, vətənsizlərə vətən düzəldilən, təbii sərvətləri, yerləşdiyi coğrafi ərazisi başına bəla olan Azərbaycanın yaşadığı problemin həqiqi çalarlarından xəbərdardır. Uzaq Amerikada, Avropada, Asiyada milyardlarla insanın əsl həqiqəti nəinki araşdırmaq, heç bilmək, öyrənmək həvəsi, vaxtı belə yoxdur. Hətta 70 il əsarətində yaşadığımız Böyük Rusiyada da çox adam mənim ölkəmin harada yerləşdiyindən bixəbərdir.
Mətləbdən uzaqlaşmayım. Hərb yolu ilə torpaqlarımızı goreşən sürüdən, soysuz erməni qatillərindən almağa imkan verilməyən bir dövrdə bizim gücümüz ancaq və ancaq sözə, təbliğata, xalq diplomatiyasına çatır. Gəlin biz söz, qələm, tişə, fırça sahibləri, bəstəkarlar, efirdən düşməyən sənətçilər hərəkətə keçək, dünyanın dörd bir yanında əlimiz çatan, gücümüz yetən yaradıcılıq təşkilatlarına, qurumlara, həmkarlarımıza, dostlarımıza müraciət edək, onlara işin həqiqətini çatdıraq.
Deyəcəksiz ki, bir vaxtlar bu cür müraciətlər olunub, faydası olmayıb. Haqlısınız! Ancaq onda 90-cı illər idi, onda bu qədər müasir texniki imkanlar yox idi. İndi Allaha şükür, bir telefon, bir kompüter düyməsi ilə həqiqəti bütün çılpaqlığı ilə dünyaya çatdırmaq mümkündür və vacibdir!
Bu gün hər birimizin, ən çox da yaradıcı insanların borcudur ki, öz oxucularını, dinləyicilərini, tamaşaçılarını daha fəal olmağa istiqamətləndirsin.
Xaricdə yaşayan həmkarlarınıza müraciət edin, həqiqətləri çatdırın! Vətənin bu ağır günündə hər şeyi dövlətin üzünə yıxmağın vaxtı deyil. Dövlət rəsmi olaraq beynəlxalq qaydalara tabe olmaq məcburiyyətində qalır bəzən.
İndi bizim üçün, xalq, millət olaraq çox məsul bir dövrdür. Torpaqlarımızı 30 ildən bəri işğal altında saxlayan, 100 ildən bəri Azərbaycanın Qərbində əmin arxayın vətən düzəldən hayların cavabını vermək bizim də vətəndaş olaraq boynumuzun borcudur!
P.S. Bu müraciətim təkcə yaradıcılıq təşkilatlarının rəhbərlərinə deyil, bütün millətimədir. Xoşunuza gəlməsə belə, ən azından bu torpağın havasını udub, çörəyini yediyiniz üçün səsimə səs verin.
Hörmətlə: Telli Pənahqızı

İctimai.az