Tarif Şurasından növbəti dəfə artımbackend

31 yanvarda Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

İctimai.az xəbər verir ki, aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, “Azərsu” ASC Şuraya müraciətində bildirir ki, son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artmış, həmçinin, Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır. Bu xərclərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır.

Tarif (qiymət) Şurasının iclasında “Azərsu” ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb.

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

Tarif dəyişikliyi nəticəsində “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə sonuncu qiymət tənzimlənməsi 13.05.2016-cı il tarixində aparılıb. Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb, “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlib.

Qərar 2021-ci il 1 fevral tarixindən qüvvəyə minir.