Tehran meri Əlirza Zəkani İranın dövlət televiziyasında bildirib ki, Tehrandakı etirazçılar 26 banka və 10 dövlət idarəsinə zərər vurublar.
“Onlar 26 banka hücum edib və 25 məscidi yandırıblar. Vandallar həmçinin dünən gecə 42 avtobusu, ictimai nəqliyyat vasitəsini və təcili yardım maşınlarını, 10 dövlət idarəsini və 24 mənzili yandırıblar”, – deyə mer bildirib.
Zəkani əlavə edib ki, etirazçılar həmçinin 48 yanğınsöndürmə maşınını yandırıb və hüquq-mühafizə orqanlarının postlarına hücum ediblər.
Etirazlar İranda 28 dekabrda yerli valyutanın devalvasiyası fonunda başlayıb. Onlar polis tərəfindən göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Ən böyük etirazlar Tehranda baş verib, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb.














