Tələbə intiharları niyə artır? – AÇIQLAMAbackend

Son zamanlar məktəbdə uğurlu nəticə göstərən şagirdlərin, yüksək bal toplayaraq universitetə qəbul olan tələbələrin intiharlarının şahidi oluruq.

Ötən gün 684,8 balla “UNEC”ə daxil olan 4-cü kurs tələbəsi Şəhriyar Səmədovun Bakının Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asması da sosial mediada müzakirə obyektinə çevrilib.

Maraqlıdır, kifayət qədər yaxşı göstəriciləri olan tələbələrin intiharının arxasında  hansı psixoloji faktlar dayanır?

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Rövşən Nəcəfov deyib ki, şəxsi intihara təhrik edən səbəblərdən biri də mühitdir:

 

“İnsan şəxsiyyətinin formalaşması mühitə bağlıdır. İstər kompleks və stereotiplərin formalaşması, istərsə də dünya görüşünün genişlənməsi ailədən və şəxsin iştirakçı olduğu cəmiyyətdən asılıdır. Müşahidələr onu deməyə əsas yaradır ki, intihar uğursuzluqla əlaqədar deyil, şəxsin düşüncə olaraq mühitə uyğunsuzluğudur. Ali və orta təhsil ocaqlarında psixoloji maarifləndirmə və dəstək fəaliyyətləri genişləndirilməlidir, burada peşəkar psixoloq fəaliyyətinə ehtiyac var. Tələbələrin özəl psixoloji klinikalara getməmək üçün istər maddi, istərsə də mənəvi səbəbləri mövcuddur. Təhsil aldığı mühitdə psixoloqların fəaliyyəti tələbəni intihar və digər buna bənzər mənəvi böhranların aradan qaldırılmasına daha çevik dəstək olmuş olar”.

Müsahibimiz qeyd edib ki, tələbələrlə fərdi və qrup terapiyaları, aylıq və ya rüblük psixoloji mühitin analizi aparılmalıdır:

“Psixodiaqnostik testlər və qiymətləndirmələrlə müxtəlif səbəblərin mövcudluğunu aşkar etmək olar. Psixoloqun əsas vəzifəsi ali və orta təhsil ocaqlarında sağlam psixoloji mühiti formalaşdırmaqdır. İstər tələbənin valideynləri ilə, istər müəllimləri ilə, istərsə də həmyaşıdları ilə olan münasibəti psixoloji olaraq dəyərləndirilməlidir. Ali və orta təhsil ocaqlarının mahiyyəti həm də sağlam psixoloji şəxsiyyətlər yetişdirməkdir. İnsanın psixikası sağlam olmalıdır ki, əldə etdiyi biliklər də gələcəkdə faydalı olsun”.

Millət vəkili Etibar Əliyev isə bildirib ki, intihar aktları dərindən təhlil olunmalıdır:

“Əlbəttə ki, bu, sosioloqlarla psixoloqların işidir. Ali məktəblərdə Sosiologiya və  Psixologiya elmlərinin tədrisi dalana sıxılıb. Müəllimlərin fənlərdəki yeniliklərdən xəbərləri yoxdur. Fəlsəfə isə ümumiyyətlə yığışdırılır. Cəmiyyət və fərdlə bağlı 3 elm sahəsinin tələbələrə tədrisi acınacaqlı durumdadır. Televiziyaları isə tənqid etmək olmaz. Bu sırf təfəkkür məsələsidir…”.

Günay Rəsulqızı,

Sfera.az