Təranə Paşayeva: “Zorakılığa məruz qalan uşaqlarda psixoloji və fiziki fəsadlar zaman keçdikcə özünü daha qabarıq formada göstərməyə başlayır”backend

Son zamanlar sosial şəbəkələrdə, saytlar və kütləvi informasiya vasitələrində tez-tez qarşılaşdığımız xəbərlərdən biri də uşaqlara qarşı şiddət və zorakılıqdır.

Bunu da qeyd etməliyik ki, istər hüquq-mühafizə orqanları, istərsə də digər aidiyyatı qurumlar belə həssas məqamlarda operativ davranır, lazımi tədbirləri görürlər. Amma çox təəssüf ki, bəzi hallarda belə xoşagəlməz hallar ictimailəşmədiyi, ailə daxilində baş verdiyi üçün heç bir tədbir görmək olmur. Əksər hallarda valideynlər, yaxın qohumlar uşaqlara qarşı şiddət, zorakılıq göstərməklə, onları təhqir edərək və ya döyərək parlaq gələcəyini məhv edirlər, fiziki və psixoloji travmalarla üz-üzə qoyurlar.

Şiddətin yaratdığı psixoloji problemlər qalıcı ola bilir, bəzən onun müalicəsi uzunmüddətli davam edir. Psixoloq kimi qeyd etməliyəm ki, uşaq və yeniyetmələrdə şiddət problemi təkcə onların döyülməsi, təhqir edilməsi ilə kifayətlənmir, ailədaxili şiddət, yəni bir ailə üzvünün digərinə qarşı etdiyi fiziki və psixoloji şiddət də onlara təsir edir. Mütəmadi şiddət görən uşaqlarda ruhi və psixoloji problemlər qaçılmaz olur.

Bununla yanaşı son zamanlarda uşaqlara qarşı onların tanımadığı şəxslər tərəfindən edilən zorakılıq halları təəssüflər olsun ki, artmaqdır. Xüsusilə cəmiyyətdə baş verən bucür neqativ halları araşdırsaq, görərik ki, uşaqlara müxtəlif məkanlarda- küçələrdə, binanın həyətində, məktəbdən çıxdıqdan sonra çox insan olmayan ərazilərdə tanımadığı şəxslər tərəfindən müxtəlif üsullarla təkliflər edilir, onlarla danışır və öz zorakılıq istəklərini yerinə yetirməyə çalışırlar.

Zorakılıq hansı tip və kim tərəfindən olmasından asılı olmayaraq travmanın bir növüdür. Araşdırmalar göstərir ki, ailə üzvləri və sevdikləri insanlar tərəfindən şiddət, zorakılıq görən uşaq və yeniyetmələrdə psixoloji travmalar daha yıxıcı olur.”

Zorakılığa məruz qalan uşaqlarda psixoloji və fiziki fəsadlar zaman keçdikcə özünü daha qabarıq formada göstərməyə başlayır. Ailə daxilində və ya kənarda şiddətə şahid olduğu və ya məruz qaldığı zaman eyni hərəkətləri, hətta daha çoxunu başqalarına qarşı tətbiq etməyə başlayır. Həmin insanlarda bunun fəsadları bir-birindən fərqli olaraq özünü büruzə verir. Stress, özünəqapanma, tək qalmaq istəyi, asosiallıq,aqressiya, depressiya və digər psixoloji narahatlıqlar ən çox qarşılaşdığımız nəticələr sırasındadır. Bundan savayı həmin şəxslərdə yuxu və iştah problemləri də növbəti mərhələlərdə özünü büruzə verir. Yuxu pozğunluğu, yatan zaman kabus görmək, iştahsızlıq və  çəki itirmək nəticəsində onlarda ruhi dəyişikliklər də hiss edilir. Bu dəyişkənliklərdən sonra yeni qorxular ortaya çıxır, gərgin olur, daha əvvəllər etmədiyi hərəkətləri nümayiş etdirə bilirlər. Əgər uşaq psixoloji travma ilə yanaşı fiziki travma da yaşayırsa, onun fiziki inkişafında da çətinlik ortaya çıxa bilir. Dünya üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, uşaq vaxtlarında fiziki və psixoloji zorakılıq görən şəxslərin bir çoxunda bu travma ömürlərinin sonrakı 30-40 ilində hiss olunur. Ailə həyatı quran insanlar uşaqlıq zamanı yaşadığı şiddəti öz ailələrində də nümayiş etdirirlər.

Uşaqlar bu şiddəti bağçada, məktəbdə, universitetdə, həyətdə, qonaqlıqda, başqa sözlə demək olar ki hər yerdə başqalarına qarşı nümayiş etdirə bilər. Valideynlər bunun fərqinə varmasa da, uşaqlarda onlara qarşı nifrət, aqressiya yaranır, kobudluq nümayiş etdirilir və hətta bəzi daha ağır fəsadlarla nəticələnir.

Bəs belə anlarda necə davranılmalıdır? İlk öncə uşaqlara qarşı şiddət üsullarından uzaq olun. Hər hansı xoşagəlməz bir şey edərsə, daha yumşaq və ya onları çox üzməyəcək şəkildə cəza təyin edin.Uşaqlarınıza zaman ayırın, onları qucaqlayın, xoşmənalı ifadələr söyləyin,sevdiyinizi göstərin. Onlarla məsafə saxlamayın, hətta yaşları az olsa belə onların dediklərinə diqqət etdiyinizi hiss etdirin, hər hansı bir səhv etdikdə, yanında olduğunuzu nümayış etdirin. Ailə daxilində hər hansı mübahisə baş verdikdə, problemi şiddətlə yox, danışaraq həll etməyə çalışın və bunu uşaqlarınızın yanında etməyin.

Bundan savayı övladlarımıza tanımadığı şəxslərlə ünsiyyət qurmaqdan çəkinməli olduğunu, o cür şəxslərdən uzaqda durmağı sakit və onların anlayacağı tərzdə çatdırmaq lazımdır. Valideynlər bacardıqca öz övladlarını nəzarətsiz qoymamalı, daim diqqət mərkəzində saxlamalıdırlar.

Unutmaq olmaz ki, fiziki, emosional və ya cinsi zorakılıq olmasından asılı olmayaraq şiddət və zorakılığa məruz qalan insanların həyatında gərginliklər və dəyişikilklərin müşahidə edilməsi gözləniləndir.

Qeyd etdiyim amillər ilk baxışda sadə, amma vacib və diqqət edilməli məqamlardır. Əgər ki, daha öncədən olan və onun fiziki, psixoloji formalaşmasına təsir edən nələrsə müşahidə edilərsə, müvafiq sahənin peşəkarlarına müraciət etməkdən çəkinməyin. Unutmayaq ki, hər bir uşaq təkcə ailənin yox, həmçinin bu ölkənin gələcəyidir.Gələcəyimizə sahib çıxmaq isə hər birimizin borcudur.”

Təranə Paşayeva

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri

Psixologiya üzrə fəlsəfə doktoru