Beynəlxalq alimlər qrupu sübut edib ki, Ukraynanın Çernobıl istisna zonasındakı minlərlə hektar kənd təsərrüfatı torpaqlarından məhsul yetişdirmək üçün təhlükəsiz istifadə etmək olar. Araşdırma “Journal of Environmental Radioactivity” (JER) elmi jurnalında dərc olunub.
Komandanın tapıntıları torpağın radiosezium və radiostronsium ilə çirklənməsinin monitorinqinin nəticələrinə əsaslanır. Jitomir vilayətində 100 hektar sahədə aparılan sınaqlar radiasiya səviyyəsinin Ukrayna təhlükəsizlik standartlarından aşağı olduğunu, işçilərə təsirli radiasiya dozasının isə təbii fondan aşağı olduğunu göstərib.
Alimlər bu torpaqlarda yetişdirilən kartof, qarğıdalı, günəbaxan və dənli bitkiləri təhlükəsiz hesab ediblər.
1986-cı ilin aprelində Çernobıl AES-də baş vermiş qəzadan sonra 6200 kv.km ərazi tərk edildi. Yeni məlumatlar 20 min hektara qədər ərazini kənd təsərrüfatına qaytarmağa, dövlətin ərzaq təhlükəsizliyini artırmağa və dünyanın digər çirklənmiş bölgələri üçün model yaratmağa imkan verir.