Qısa videolar üzrə aparıcı platforma olan “TikTok” Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini prioritet hesab edərək yaradıcılıq üçün dost mühitin formalaşmasına dəstək verir.
İctimai.az xəbər verir ki, platformada təhlükəsizliyi təmin etmək məqsədilə “TikTok” ən innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə mütəxəssisdən istifadə edir. Xüsusilə, günün 24 saatı rejimində fəaliyyət göstərən moderatorlar “TikTok”un İcma Qaydalarını pozan videoları silirlər. Şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq “TikTok” hər rüb silinmiş məzmunla bağlı məlumatları paylaşır.
2024-cü ilin nəticələrinə əsasən, Azərbaycanda:
• İcma Qaydalarının pozulması səbəbindən 3.1 milyondan çox video silinib (2023-cü ildə bu rəqəm 2 milyondan bir qədər çox idi);
• Videoların 97%-i istifadəçilərin şikayət etməsindən əvvəl – proaktiv şəkildə silinib;
• Videoların 94%-i paylaşılmasından sonra 24 saat ərzində silinib;
• Videoların 90%-i isə heç bir istifadəçi onları izləmədən silinib;
• 770 min canlı yayım müxtəlif qayda pozuntularına görə bloklanıb.
“TikTok”, xüsusilə yetkinlik yaşına çatmayan istifadəçilərin təhlükəsizliyinə xüsusi diqqət ayırır. Platformadan yalnız 13 yaşdan yuxarı şəxslərin istifadə etməsinə icazə verilir. Moderatorlar 13 yaşına çatmamış istifadəçilərə məxsus hesabları müəyyən edərək silirlər. 2024-cü il ərzində Azərbaycanda bu səbəbdən 140 min istifadəçi hesabı silinib.
Yeniyetmələrin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin davamı olaraq, ötən ay “TikTok” platforması gənclər üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına yönələn yeni funksiyanı istifadəyə verib. Xüsusilə, “Ailə parametrləri” funksiyası çərçivəsində valideynlər artıq uşaqlarının “TikTok”dan istifadə edə biləcəyi vaxt aralığını məhdudlaşdıra bilirlər.