Qısa videolar üzrə aparıcı platforma olan “TikTok” Azərbaycan üzrə silinən videoların növbəti statistikasını açıqlayıb.
İctimai.az xəbər verir ki, 2025-ci ilin ikinci rübündə sosial platforma Azərbaycanda təxminən 900 min videonu silib.
İcma Qaydalarına əməl olunmasına dair hesabata əsasən, 2025-ci ilin ikinci rübündə Azərbaycanda İcma Qaydalarının pozulmasına görə 880 mindən çox video silinib. Ümumi sayın 99.4%-i platforma tərəfindən proaktiv şəkildə – yəni şikayət daxil olmadan əvvəl müəyyən edilərək silinib. Videoların 98%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.
Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib. Eyni zamanda, 2025-ci ilin ikinci rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq: Təxminən 190 milyon videoçarx platformadan silinib. Videokontentin 99.1%-i proaktiv şəkildə silinib. Roliklərin 94.4%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib. 90%-dən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən edilərək silinib.
2025-ci ilin ikinci rübündə “TikTok” dünya üzrə monetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım və 1 040 356 yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar və demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərə kontentlərinin qaydalara zidd ola biləcəyini anlamağa və düzəliş etməyə imkan yaradır. Əgər qayda pozuntuları davam edərsə, müəllifin birbaşa yayımlarda monetizasiya funksiyasına müvəqqəti girişini məhdudlaşdıra bilər.














