Tovuz Azərbaycanın yeni Gənclər Paytaxtıdır – Təranə Paşayevadan AÇIQLAMAbackend

Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənc nəslə diqqət və qayğı bu gün dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə önəm verilməsi Azərbaycan dövlətinin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz nümunəsidir.

Dövlətimizin apardığı gənclər siyasəti respublikamızın hər yerində olduğu kimi, Tovuz rayonunda da uğurla həyata keçirilməkdədir. Qədim tarixə, zəngin adət-ənənələrə malik olan Tovuz rayonu üçün 2022-ci il uğurla başlayıb. Belə ki, 2012-ci ildən etibarən hər il elan edilən “Gənclər Paytaxtı” bu il üçün Tovuz rayonu seçilib.

Qeyd etməliyik ki, hər hansı şəhərin, rayonun Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsi üçün müəyyən şərtlər tələb olunur. İlk növbədə, namizədliyi irəli sürülən şəhər və ya rayonun inkişaf səviyyəsi, burada gənclərə verilən meydan, onlara göstərilən diqqət əsas rol oynayır. Bu baxımdan, doğma Tovuz rayonu layihənin tələb və şərtlərinə tam şəkildə cavab verir.

Ölkəmizin sərhəd bölgəsi sayılan, 30 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin hücumlarını qəhrəmancasına dəf edən Tovuz rayonunun bu şərəfli ada layiq görülməsi heç də təsadüfi deyil və böyük zəhmət hesabına başa gəlib. 2020-ci ilin iyul ayında düşmən təxribatlarına baxmayaraq Tovuz sakinləri bir addım da geri çəkilmədi, əksinə müzəffər əsgərinin arxasında sona qədər dayandı. 44 günlük Vətən müharibəsində Tovuzdan olan yüzlərlə könüllü şəxslər ordu sıralarına yazılaraq şanlı qələbənin qazanılmasında mühüm rol oynayıb. 60-dan çox hərbçimiz məhz Vətən müharibəsində canlarını fəda edərək şəhid olub.

Son illər Azərbaycanın regionlarında müşahidə olunan sosial-iqtisadi tərəqqi, sürətli inkişaf Tovuz rayonunun timsalında özünü aydın şəkildə büruzə verir. Azərbaycanın sərhəd rayonlarından olan Tovuz son illər tanınmaz dərəcədə dəyişib, ölkənin ən inkişaf etmiş rayonlarından birinə çevrilib. Son 10 ildə çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət obyektləri, emal və sənaye müəssisələri tikilib istifadəyə verilib, yeni yollar çəkilib, park və xiyabanlar salınıb, infrastruktur müasirləşdirilib, qəsəbə və kəndlər abadlaşdırılıb. Bu illər ərzində rayon gəncləri də diqqətdən kənarda qalmayıb, onların yaradıcılıq ideyalarının həyata keçirilməsinə, potensiallarının üzə çıxarılması və artırılmasına böyük diqqət göstərilib. Rayon ərazisində müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, müxtəlif idman qurğuları istifadəyə verilib, “Gənclər evi” fəaliyyətə başlayıb. Bütün bunlar, şübhəsiz ki, Tovuzun “Azərbaycanın Gənclər Paytaxtı” seçilməsində mühüm rol oynayıb.

İctimai, siyasi,iqtisadi, mədəni, elm, idman və digər sahələrində Tovuzdan olan ziyalılar, xadimlər, idmançılar, yaradıcı şəxslər ölkəmizin inkişafında və Azərbaycanın beynəlxalq arenada tanıdılmasında əvəzsiz rol oynayıb, mühüm töhfələr veribdir. Bugün də dövlətimiz üçün əhəmiyyətli olan sahələr üzrə Tovuzlu ziyalılar, gənclər öz dəstəklərini göstərir, uğurla fəaliyyətlərini davam etdirirlər.

Hər zaman vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə sadiq olan Tovuz gəncləri üçün bu ilin “Gənclər Paytaxtı” seçilməsi onların fəaliyyətləri və inkişaflarında mühüm rol oynayacaqdır. Sözsüz ki, il ərzində rayon ərazisində müxtəlif sahələri əhatə edən layihələr, tədbirlər, festivallar keçiriləcəkdir və bu fəaliyyətlər Tovuzdan olan biri kimi məni də qürurlandıracaqdır.

Təranə Paşayeva
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri
Psixologiya üzrə fəlsəfə doktoru