TÜBİTAK-ın rəhbəri AzTU-da olubbackend

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandal ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru professor Vilayət Vəliyev və universitetin rəhbər heyəti ilə görüşüb.

Rektor Vilayət Vəliyev son illər AzTU-da həyata keçirilən yeniliklər, o cümlədən Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlıq əlaqələri, ikili diplom proqramları barədə məlumat verib. Bildirib ki, hazırda AzTU-nun hədəflərindən biri də universitet-sənaye əməkdaşlığının inkişafına nail olmaqla sahibkar universitetinə çevrilməkdir. Rektor bunun universitetdə tədqiqatların inkişafına töhfə verəcəyini deyib, həmçinin AzTU-nun tədqiqat institutları, onların fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib.

TÜBİTAK-ın rəhbəri professor Hasan Mandal Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdən danışıb. Bildirib ki, hazırda TÜBİTAK uzunmüddətli tədqiqat platformalarının yaradılması, birgə layihələrin həyata keçirilməsi, gənclərin tədqiqat işlərinə dəstək göstərilməsi, elmi informasiya bazalarına daxil olmaq üçün lazımi dəstək mexanizmlərinin tətbiqini inkişaf etdirmək niyyətindədir.

Görüş zamanı yeni əməkdaşlıq istiqamətləri də müzakirə olunub.

Daha sonra TÜBİTAK-ın rəhbəri professor Hasan Mandal AzTU-nun kampusu və universitet-sənaye işbirliyi çərçivəsində aparılan yenidənqurma işləri ilə tanış olub.