Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridirbackend

Türk dövlətləri dünya mədəniyyətinə təqdim etdiyi dəyərli və qiymətli nümunələri ilə zəngin mədəni irsə malik olduqlarını bir daha göstərmiş,həm də Türk dövlətləri ilə iqtisadi, siyasi, elmi-mədəni, ədəbi əlaqələrin möhkəmləndirilməsində maraqlarınını təsdiq etmişdir. Tarixi köklərə bağlılıq, möhkəmlənən əməkdaşlıq, tərəflər arasında qarşılıqlı etimadın, dünyada sülhün bərqərar olmasını beynəlxalq terrorizmə, separatçılığa qarşı mübarizədə ortaq yanaşmanın təşviqi önəmli məqamlardandır. Münasibətlərin inkişafı baxımından əlamətdar olan əlaqələrin perspektivləri həyata keçirilən birgə layihələr, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair görüşlər, müzakirələr xüsusi əhəmiyyətə malikdir. 3 noyabr 2023-cü il Qazaxstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının “Türk əsri” çağırışı altında keçirilən Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxışında deyib: “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir”.
Azərbaycan Prezidenti İlham Əliyevin türkdilli dövlətlər arasında inteqrasiya prosesinin inkişafına rəvac verən tədbirlərin keçirilməsində Azərbaycanın körpü rolu oynaması istiqamətində xidməti, eləcə də, Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsində uğurlu fəaliyyəti danılmazdır. Hələ 2021-ci il noyabrın 12-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş ərazilərin azad olunması, ərazi bütövlüyünün bərpasını təmin edərək bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Prezidentimizin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması haqqında qərar qəbul etmişdir. Azərbaycanın tarixi qələbəsi bütün türk dünyasının qələbəsi kimi dəyərləndirilmiş, bu sevinci onlarla birgə yaşayaraq torpaqlarımızın işğaldan azad olunmasını dəstəkləyərək bərpa işlərinə müvafiq kömək göstərilməsinə önəm verilmişdir. Türk Dövlətləri arasında olan əməkdaşlıq strateji xarkter daşıyaraq bir sıra əlaqələri özündə ehtiva edən sənədlərdə əks olunmuşdur. Bu sənədlər dövlətlər arasında münasibətlərin müxtəlif sahələrdə inkişafına geniş imkanlar yaratmışdır.
Türk dövlətlərinin münasibətləri çərçivəsində strateji tərəfdaşlıq və müttəfiqlik sahəsində əlaqələrin son illərdə yüksələn xətlə inkişafı gələcəkdə daha önəmli olacaq iqtisadi, siyasi, strateji əhəmiyyətli qərarların verilməsi, elmi-mədəni əlaqələr sahəsində tədbirlərin keçirilməsi barədə gözləntiləri vəd edir.
Azərbayacanın ərazi bütövlüyünü bərpa etməsi işğaldan azad olunmuş torpaqlarda görülən quruculuq işləri bütün türk dövlətlərinin düşündürən, sevindirən sülhün bərqərar olunması üçün geniş imkanlar açan qürurverici məqamlardandır.
Son iki il ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə səfər həyata keçirdiyini vurğulayan dövlət başçısı qardaş dövlətlərin rəhbərlərinin də həmin dövrdə Azərbaycana çoxsaylı səfərlər etdiklərini vurğulamışdır. Bu görüşlər təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olmuşdur.
Ölkə başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətində mühüm yer tutduğunu vurğulamışdır. Möhtərəm Prezident Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyi dəstək üçün minnətdarlığını bildirmişdir. Prezident İlham Əliyev Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyulmasından, Türk dövlətləri ilə ticarət dövriyyəsinin ötən il ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında 40 faiz artdığını qeyd etmişdir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə olduğunu bildirən cənab Prezident Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə ölkəmizin verdiyi töhfəni xüsusi qeyd etmişdir. Prezident çıxışında üzv ölkələr arsında təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artırılmasını toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə münasibətlərin möhkəmləndirilməsi vacib hesab olunmuşdur.
44 günlük Vətən müharibəsindən və Azərbaycanın uğurlarından bəhs edən Prezident işğaldan azad olan ərazilərə “Böyük Qayıdış Proqramı”nın icra edilməsini, 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsininın nəzərdə tutulduğunu vurğulamışdır. İlham Əliyev Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirmiş, Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə isə Qazaxıstanın Prezidenti Kasım- Jomart Tokayevə təşəkkürünü bildirmişdir.
Zirvə görüşündə cənab Prezident çıxışını bu sözlərlə başa çatdırmışdır: “Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq”.
Sonda onu qeyd etmək istəyirəm ki, bu ilin iyun ayında Qazaxıstanın Almatı şəhərində iştirakçısı olduğum bir tədbirdə- Beynəlxalq Türk dünyası Araşdırmaları Simpoziumunda türkdilli dövlətlərin tədqiqatçı alimlərinin qatıldığı bir ortamda Azərbaycan dövlətinin, Prezidentimizin böyük nüfuza malik olduğunun canlı şahidi olduq. Tarixi qələbəmizin, türk birliyinin şərəfinə səslənən musiqini dinləyən hər bir iştirakçının qəlbi riqqətlə döyünür, sevinc, qürur hissi ilə alqışlar səsləndirilirdi.
Bu möhtəşəm səhnə bizim nümayəndə heyətini çox sevindirdi. Belə ki, 20 il bundan qabaq çox uğurlu bir seçim etdiyimizi, bu gün uğurlarından bəhrələndiyimiz, daxili və xarici siyasətindən əldə etdiyi tarixi nailiyyətləri ilə fəxr etdiyimiz liderimizlə- Möhtərəm Prezidentimizlə fəxr edirik. Fərəhlənirik ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Dəmir yumruq” siyasəti ətrafında birləşən Azərbaycan xalqının həsrətində olduğu Qarabağımız işğaldan azad olundu. Bu qalibiyyət bütün Türk dünyası tərəfindən qürurla, fəxrlə qarşılandı.
Bakı Slavyan Universiteti, Əliyeva Gültəkin Ağacan qızı