Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və “Gənc Ailə Forumu”nun bağlanış mərasimi baş tutub. Tədbirdə dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan vətəndaş cəmiyyətinin fəal təşkilatları da iştirak ediblər. Onların sırasında “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi də yer alıb. Təşkilat forumda sədr Gülnarə Pənahovanın iştirakı ilə təmsil olunub.
Tədbirin proqramı və çıxışlar
Forum çərçivəsində Türk dövlətlərinin milli atributlarından ibarət sərgi nümayiş olunub.
Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, iclas və forumun yalnız Azərbaycan üçün deyil, eyni zamanda bütün Türk Dövlətləri Təşkilatının üzv ölkələri üçün qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti yüksək qiymətləndirib və dövlət başçısının ailələrə, gənclərə və qadınların cəmiyyətdə roluna verdiyi dəyərə görə minnətdarlığını bildirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə çıxışında güclü sosial siyasətlərin Türk dünyasının davamlı inkişafı üçün vacibliyini önə çəkib, əməkdaşlıq və ortaq hədəflərə çatmaq üçün üzv ölkələrin həmrəyliyinin önəmini qeyd edib.
Təşkilatın iştirakı
“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin forumda iştirakı, qadınların və ailələrin sosial rifahının təmin edilməsi, gənclərin inkişafı və vətəndaş cəmiyyətinin regional əməkdaşlıq proseslərində daha fəal rol oynaması baxımından əhəmiyyətli hesab olunub.
Mərasim bədii hissə ilə yekunlaşıb.