Türkiyə Super Liqasında inqilabbackend
Türkiyə Super Liqasında inqilabi qərar qəbul edilib.
Qaynarinfo xəbər verir ki, yeni mövsümdə 21 klubun mübarizə aparmasına qərar verilib.
Ötən gün Klublar Birliyinin iclasında bu mövsüm heç bir klubun Super Liqanı tərk etməməsi ilə bağlı razılıq əldə olunmuşdu. Razılığa əsasən 2020/21 mövsümündə Super Liqada 21, 2021/22 mövsümündən etibarən isə 20 klubun çıxış etməsi qərara alınıb.
Bu gün Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu arasında görüş baş tutub. Toplantıda Klublar Birliyinin təklifinə müsbət cavab verilib.
Beləliklə, mövsümün nəticələrinə əsasən son 3 pilləni tutan “Ankaragücü”, “Kayserispor” və “Yeni Malatyaspor” Super Liqanı tərk etməyəcək. Onlara aşağı liqada 1-2-ci yerləri tutmuş “Hatayspor” və “Ərzurumspor” da qoşulacaq. Sonuncu komanda isə “Adana Dəmirspor”la “Karagümrük” arasında keçiriləcək pley-off mərhələsinin final oyununun qalibi olacaq.
2020/21 mövsümünün sonunda isə axırıncı 4 yeri tutacaq klublar I Liqaya enəcək, onları isə 3 yeni komanda əvəzləyəcək. Beləliklə, 2021/2022 mövsümündən Superliqa 20 komanda ilə keçiriləcək.
Bu yolla 20 komandalı çempionatda ümumi gəlirin 44,8 faiz artaraq, 7,24 milyard lirəyə yüksəlişi proqnozlaşdırılır.
Digər tərəfdən, legioner limiti ilə bağlı qəbul olunmuş yeni qaydaların 1 il təxirə salınması nəzərdə tutulub.
İctimai.az