Ümummilli Lider Heydər Əliyevin siyasi zəkasının məhsulu olan qüdrətli Azərbaycan bu gün müasir, demokratik, hüquqi və dünyəvi dövlət olaraq beynəlxalq aləmdə nüfuza sahibdir. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirib, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib. 2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Ölkəmizin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləyib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə dövlət başçısı seçilməsindən ötən dövr ərizində ölkəmizin qazandığı uğurlar hər bir vətəndaşın diqqətindədir. 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. Qeyd edək ki, prezidentin növbədənkənar seçki elan etməsinin əsas səbəbləri var idi. Prezidentin Konstitusiyanın ona verdiyi səlahiyyətə uyğun olaraq, ölkədə növbədənkənar seçkilərin keçirilməsi haqqında qərar qəbul etməsinin bir sıra məlum səbəbləri var idi. Seçkilərin oktyabrda və ya apreldə keçirilməsindən asılı olmayaraq, xalqımız öz layiqli namizədinə səs vermiş oldu. Bu xalq-iqtidar birliyinin təcəssümü idi, xalqın iradəsinin təntənəsi idi. 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Cənab İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”- deyə bildirmişdir.
Seçkilərdə göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən Prezident bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyini bildirmişdi. Ötən illər ərzində Azərbaycan xalqının təhlükəsizlik və sabitlik şəraitində yaşaması, uğurlu inkişafı hər bir Azərbaycan vətandaşında məmnunluq yaradır. Xalq vahid milli ideya ətrafında birləşərək böyük uğurlara doğru irəliləyir.Əhalinin məşğulluq imkanlarının artırılması, bölgələrdə sosial infrastrukturun yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali təbəqələrinə dövlət qayğısının artırılması yönündə həyata keçirilən tədbirlər insanlarda məmnunluq yaradır.
Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər – tarixi gerçəklikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.
Qazanılan bütün bu uğurlar yalnız müstəqillik şəraitində, dövlətimizin başçısının yürütdüyü düzgün müstəqil siyasət və qəti iradəsi sayəsində mümkün olmuşdu. Ölkə rəhbəri çıxışlarını birində vurğuladığı kimi, “Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Azərbaycan qalib dövlətdir. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbəyə apardı. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır.
Əvəz Qocayev,
YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini

