Ukrayna ABŞ-ın sülh planında üç “qırmızı xətt”in adını çəkibbackend

ABŞ-ın təklif etdiyi sülh planında Ukrayna üçün “qırmızı xətlər” təşkil edən və danışıqlarda gələcək irəliləyişə mane ola biləcək ən azı üç bənd var, CNN yüksək rütbəli Kiyev rəsmisinə istinadən xəbər verir.

Bu, ilk növbədə, Donbasdakı ərazilərin, o cümlədən Ukraynanın “qalalar kəməri” adlandırılan ərazilərin təhvil verilməsi ilə bağlı “həssas məsələyə” aiddir. Mənbə bildirib ki, digər məqam Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması ilə bağlı “mübahisəli təklifdir”.

Ukraynanın NATO üzvlüyündən imtina etməsi tələbi də qəbuledilməzdir. Mənbə hesab edir ki, belə bir güzəşt “pis presedent” yaradacaq və Rusiyaya hərbi blok üzərində veto hüququ verəcək.

CNN-in məlumatına görə, “mənbənin müzakirə etdiyi hər üç məqam həm də Ukrayna üçün həssas və çoxdankı “qırmızı xətlər”dir” və onlardan hər hansı birindən rəsmi şəkildə imtina etmək ciddi bir iş olardı və buna cəhd edən Ukrayna liderləri üçün potensial olaraq əhəmiyyətli risklərlə dolu olardı.