Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov regional ölkələrin nümayəndələri ilə daha bir neçə görüş keçirmək üçün Yaxın Şərqdə qalıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
“Biz Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, həmçinin Qətərdə, İordaniyada idik və digər ölkələrlə əlaqələrimiz var idi. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi hələ də buradadır. Daha bir neçə nümayəndə ilə görüşlərimiz olacaq”, – deyə Zelenski bildirib.
Zelenskinin Yaxın Şərqə səfərləri ABŞ-ın Ukraynadan regiondakı hərbi bazaları İranın zərbələrindən qorumağa kömək etməsini istəməsindən sonra başlayıb. Prezidentin sözlərinə görə, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, İordaniya və Küveyt də Kiyevə müraciət edib. Bu həftə Ukrayna lideri artıq Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərə səfər edib. Danışıqlardan sonra Ukrayna, xüsusən də, BƏƏ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəlib və Qətərlə birgə layihələr, birgə istehsal müəssisələrinin yaradılması və texnoloji tərəfdaşlıq barədə müqavilə imzalayıb.















