Ukrayna Prezidentinin Aparatı baş nazir Denis Şmıxalı istefaya göndərməyi və onun yerinə iqtisadiyyat naziri Yuliya Svırıdenkonu təyin etməyi planlaşdırır.
Bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak öz Telegram kanalında mənbələrə istinadən məlumat verib.
O, bu cür kadr dəyişikliyinə səbəb kimi hakimiyyətə etimadın itirilməsini, çoxlu sayda uğursuzluqları, xüsusən də iqtisadi və büdcə sahəsində uğursuzluqları göstərir. Hakimiyyət də “ən azı bir növ yeniləşmə” nümayiş etdirməlidir, çünki yaxın vaxtlarda ölkədə seçkilər olmayacaq.
Onun sözlərinə görə, Şmıxalın vəzifədən azad edilməsi üçün Nazirlər Kabinetinin və onun rəhbərinin vəzifədən azad edilməsini qadağan edən hərbi vəziyyət şəraitində dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərinə xitam verilməsinin yolverilməzliyi haqqında maddəyə dəyişiklik etmək lazımdır.