Ulu Öndər Heydər Əliyev – xilaskar və böyük strateq!backend
Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs
Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Bu həm də onu göstərdi ki, Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı yaxşı bilirdi ki, belə ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Hələ 1969-1982-ci illərdə – Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb
Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.
Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.
Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Bu ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb
Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur. Sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş ümumxalq səsverməsinin nəticələri bu birliyin nə qədər möhkəm olduğunu bir daha təsdiqlədi.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş “Güclü dövlət – müstəqil siyasət” konsepti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Bütün bu reallıqlar bir daha təsdiq edir ki, bugünkü qüdrətli Azərbaycan dövlətinin banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ancaq Ulu Öndərin digər şah əsəri yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Bu məktəbi və irsi isə daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Azərbaycan Prezidenti, Müzəffər Komandan İlham Əliyevdir. Xalqın mütləq əksəriyyətinin böyük etimadı ilə 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyev ötən 19 ildə Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, onun xaos və anarxiyadan qurtardığı respublikamızın “Güclü dövlət – müstəqil siyasət” konsepti əsasında inkişafını təmin etmişdir.
Prezident İlham Əliyevin diqqət və qayğıkeşliyi nəticəsində bu gün sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində Azərbaycanda məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu gün şanlı tariximizin yeni səhifələri yazılır. Bu yeni salnamənin parlaq səhifəsi isə 44 günlük Vətən müharibəsindəki böyük zəfərin gətirdiyi müasir reallıqlardır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövləti bir daha öz qüdrətini dünyaya nümayiş etdirərək beynəlxalq təşkilatların illərlə çözə bilmədiyi məsələni “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi.
Bu zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də uzun onilliklər xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif 44 günə darmadağın edildi.
Bu gün Şuşada dalğalanan Azərbaycan bayrağının kölgəsi bütün Qarabağa, Şərqi Zəngəzura düşür. İşğaldan azad edilən torpaqlarımızda həyata keçirilən yenidənqurma işləri isə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Çünki Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan bütün layihələri Azərbaycan heç kimdən yardım almadan öz gücünə həyata keçirir.
Bu uğurlu diplomatiya, müstəqil siyasətin təntənəsi bir daha Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi.