Ulu Öndər Heydər Əliyevə inam çox yüksək idibackend

Hər bir xalqın taleyində əhəmiyyət kəsb edən elə məqamlar varki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulur. Azərbaycan xalqının tarixində belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş günüdür. Bu tarixin banisi isə Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir.
Azərbaycan öz müstəqilliyini 90-cı illərin əvvəllərində qazanmış və cəmiyyətinin demokratikləşməsi yoluna qədəm qoymuşdur. Uzun müddət siyasi təzyiq və çətinliklərə baxmayaraq öz müstəqilliyini bərpa edən Respublikamız artıq həm mədəniyyət, həm siyasət və s. sahələrdə güclənməyə və qüdrətlənməyə başladı.
Qanlı 20 yanvar hadisələrindən dərhal sonra ölkədə baş verən dövlətçilik böhranının aradan qaldırılması lazım idi. Azərbaycan xalqının xilaskarı Heydər Əliyev artıq növbəti gün Moskvanı ifşa edərək Azərbaycana, Naxçıvana qayıtdı. Həmin dövrdə Naxçıvan blokadanın təsirindən və erməni hücumlarından çox əziyyət çəkirdi. 1992-ci ildə Xocalıda həyata keçirilən dəhşətli soyqırımı aktı erməni vəhşiliyinin miqyasını aydın təsəvvür etməyə imkan verir. Qarabağ müharibəsində 10 minlərlə azərbaycanlı şəhid oldu, 100 minlərlə insan öz doğma yurdlarından didərgin salındı. Torpaqlar erməni işğalı altına düşdü.
1994-cü ilin may ayında atəşkəs elan olundu və ulu öndər Heydər Əliyev müharibəni dayandırmağa nail oldu. Bu dövrdən başlayaraq, Azərbaycan yeni mərhələyə qədəm qoydu. Çox milyardlıq iqtisadi layihələrə başlanıldı. Azərbaycanda dövlətçilik bərpa olundu. Ordu quruculuğuna xüsusi önəm verildi. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsi eşidildi və Azərbaycanın ərazi bütövlüyü tanındı. Məhz bütün bu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, hakimiyyəti boyunca yorulmadan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bütün mötəbər tədbirlərdə səsləndirmiş, Azərbaycanın haqqlı mövqeyini dünya ictimaiyyətinin daim diqqətində saxlamışdır. 2020-ci ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Qarabağı öz həqiqi sahibinə, aid olduğu Azərbaycana qaytarmışdır. Azərbaycan ordusu az itki ilə böyük irəliləyişə imza atmışdır.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra aktuallığını heç itirməyən mövzu, bir növ xalqın dilində devizə çevrilmiş “gənclər gələcəyimizdir” ifadəsi ulu öndər Heydər Əliyevdən xalqımıza qalmış mirasdır. Ümummilli lider 1993-cü il 22 sentyabr tarixində yenidən hakimiyyətə qayıtdıqdan sonrakı ilk görüşünü məhz gənclərlə keçirmiş və bu ifadələrdən istifadə etmişdir: “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir”. Gənclər siyasətinin əsasını qoyan ulu öndər Heydər Əliyev ölkə siyasətində ən ön sırada yer alan prioritet məsələnin gənclər siyasəti olduğunu nəinki müstəqil dövlətin rəsmi sənədlərində, həmçinin sovet ittifaqı müstəmləkəsi dövründə də şəxsi görüşlərində, qərarlarında və addımlarında nümayiş etdirməsi hazırda hər bir qurum, dövlət müəssisəsi və vətəndaşlar üçün uğurla təməli qoyulmuş nümunə təşkil edir.
Xalqımızın ümummilli lideri dahi Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycan gələcəyi haqında və Azərbaycanın ayrılmaz hissəsi olan müstəqil Naxçıvan haqqında planlarım, arzularım yerinı yetirilsin” deyə səsləndirdiyi unutulmaz sözləri bu gün ölkəmizin və Muxtar Respublikanın dinamik və davamlı inkişafı, uğurları böyük qələbələri, bütövlüyümüzün bərpası, güclü və lider dövlətə çevrilməyimiz fonunda gerçəkləşir.
Ölkəmiz dünyada layiq olduğu zirvəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev qarşıdan gələn 2023-cü ili “Heydər Əliyev İli” elan etmişdir.

Bakı Slavyan Universiteti

dosent Nurlana Aşıq qızı Nağıyeva