Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdirbackend

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür.

İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir.

Ulu öndər dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb.

Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla, Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratmışdır.

Ulu öndər qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikasına on illik rəhbərliyi dövründə nəinki müstəqil Azərbaycan dövlətini qurdu və gələcək inkişafının hərtərəfli sağlam təməlini qoydu, eyni zamanda, ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratmışdır.

Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir.

Bu xətti uğurla və qələbələrlə davam etdirən, Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasi yol, məhz Ulu öndər yoludur. Bu mənada, 44 günlük Vətən müharibəsi xalqımızın həmrəyliyinin, birliyinin növbəti və ən böyük təcəssümü olaraq, bütün dünyaya Azərbaycanda xalq-ordu-iqtidar birliyinin vahidliyini göstərdi.

Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib.

Azadlığı, müstəqilliyi uğrunda bütün çətinliklərə mərdliklə sinə gərmiş mübariz Azərbaycan xalqı bu gün Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, prezident İlham Əliyevin rəhbərliyi ilə öz şanlı tarixinin yeni parlaq səhifəsini yazmaqdadır.

 

Xaliq Hüseynov

YAP Nəsimi rayon təşkilatının ƏPT sədri