Vaqif Bəhmənlinin doğum günüdürbackend

Tanınmış şair, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vaqif Bəhmənlinin bu gün doğum günüdür.

İctimai.az xəbər verir ki, V.Bəhmənli 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1973-78 illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib.

Vaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), “Bərəkət”, (sonradan “Həyat”) qəzetində baş redaktor(1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə müdiri (1995-1997), “Ədalət” qəzetində baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisi baş redaktorunun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004), “525-ci qəzet”də (2005) şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-2016) vəzifələrində çalışıb.Hazırda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimidir. Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, yeni ədəbi qüvvələrin üzə çıxarılmasında böyük əməyi olmuşdur.

Şeir və məqalələrdən ibarət 45-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında, ədəbi-elmi konfrans və simpoziumlarda, Beynəlxalq kitab sərgi yarmarkalarında iştirak edib. İlk məqalə və şeirləri 1970-ci ildə Füzuli rayonunda çıxan “Araz” qəzetində işıq üzü görüb. Mərkəzi mətbuatda dərc olunan ilk şeiri “Tumurcuq” adlanır. 1970-ci illərin ortalarından başlayaraq şairin tele və radio ssenariləri əsasında hazırlanmış verilişlər Azərbaycan tele-radio kanalında nümayiş atdirilmiş və səsləndirilmişdir. Azərbaycan taleviziyasında “Gənclik təqdim edir” verilişinin aparıcısı olmuşdur. SSRİ-nin və Azərbaycanın həm ictimai- siyasi, həm də ədəbiyyat qəzet və dərgilərində (“Ədəbiyyat və incəsənət” sonralar “Ədəbiyyat qəzeti”, “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbeycan”, “Moskva” (Rusiya), “Kardeş kalemler”(Türkiyə) və s. ardıcıl olaraq çıxış etmişdir. Əsərləri “Azərbaycan”, “Yaşıl budaqlar”, “Poeziya günü”, “Sabir poeziya günü” almanaxlarına daxil edilib.
Vaqif Bəhmənli obrazlı düşüncə şairidir. Türk bədii düşüncəsinin ənənələrinə arxalanmaq, insanın hiss və duyğularını canlandırmaq üçün yeni poetik məqsədlərə sənətkarlıqla cəhd etmək, özünəxas bədii deyim tərzi, güclü kalorit onun yazdıqlarını başqalarından fərqləndirir.Şairin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılmış, güclü ədəbiyyatşünasların qələmə aldıqları məqalələr mətbuatda çap edilmişdir.
Azərbaycan Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdür. \ Əsərləri italyan, rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü, fransız, fars dillərinə çevrilib. Almaniya, Rusiya, Türkiyə, İngiltərə, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Ukrayna, İran, Belarus, Macarıstan, Latviya, Estoniya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Udmurtiya (RF),Abxaziya və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub.
“Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin inkişafına yönəlik fəaliyyətindən bəhs edən “Vətənin İlhamı — ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxmışdır.
Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə ədəbi qeydləri, publisistik araşdırmaları, məqalələri mətbuatda dərc edilib.