Vaqif Xaçatryanın məhkəməsi bu gün davam etdiriləcəkbackend

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə məhkəmə iclası bu gün davam etdiriləcək.

Oxu.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.

İş üzrə dövlət ittihamını baş prokurorun köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov müdafiə edəcək.

Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Radmila Abılova müdafiə edəcək.

Qeyd edək ki, məhkəmə prosesində hazırlıq iclası oktyabrın 13-də, ikinci iclas isə oktyabrın 17-də keçirilib, zərərçəkmişlər dindiriliblər.

Ümumilikdə iş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.