Vətən müharibəsi iştirakçısı olmuş bir qrup sərhədçi ehtiyata buraxılıbbackend

İyulun 20-də Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hər bir sərhədçinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan tarixinin ən böyük sərkərdəsi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında möhtəşəm Zəfəri gerçək etmiş Azərbaycan Silahlı Qüvvələrinin qalib əsgəri olması ilə, müqəddəs torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşməsi ilə, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparması ilə qürur duymasını xüsusi vurğulayıb.

Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən müharibəsində böyük rəşadət və qəhrəmanlıqla vuruşmaları, Ali Baş Komandan, Vətən və Dövlət qarşısında vəzifələrini əzm və fədakarlıqla icra etmələri, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlara həkk olunduğu və hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.

Vətən müharibəsi başa çatdıqdan sonra ölkəmizin İran İslam Respublikası və Ermənistan ilə işğaldan azad edilmiş dövlət sərhədi boyu bərpa edilən və yeni yaradılan sərhəd zastavalarında, sərhəd-döyüş məntəqələrində çox mürəkkəb relyef və iqlim şəraitində şərəflə xidmət etdiklərinə, dövlət maraqlarımızı ləyaqətlə müdafiə etdiklərinə görə ehtiyata buraxılan sərhədçi çavuş və əsgərlərə, bu cür övlad tərbiyə etdiklərinə görə onların valideynlərinə minnətdarlıq ifadə olunub.

Vətən müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, müqəddəs sərhədlərimizi qorumaq şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları hər zaman layiqincə icra etmələri xüsusi qeyd olunub.

Təltif edilən hərbi qulluqçular adından çıxış edən əsgər Sadiqov Sadiq Eldəniz oğlu xidməti fəaliyyətlərinə ən ali səviyyədə verilən qiymətə görə minnətdarlıqlarını bildirib, ehtiyata buraxıldıqdan sonra da Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müsəlləh əsgərləri olaraq qalacaqlarına və sərhədçi şərəfini qürurla daşıyacaqlarına söz veriblər.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə dövlətimizin başçısı tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.

Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə şəkilləri çəkilib və onlar xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.