Vətən müharibəsi iştirakçısı Təbriz Əkbərov: “Şəhid olanlar içində mənim də döyüşçü qardaşlarım var idi”backend

Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanan şanlı Azərbaycan ordusunun qəhrəmanlarını tanıtmağa davam edirik.

İctimai.az Vətən müharibəsi iştirakçısı, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunan Təbriz Əkbərovun fikirlərini təqdim edir.

Orta məktəbdə təhsil aldığım müddətdə işğal tarixlərini öyrənəndə hiddətlənirdim. Baxmayaraq ki, yaşım az idi, amma vətənimin yağı düşmən tərəfindən təcavüzə məruz qalması ilə barışa bilmirdim. Bu gün isə ərazi bütövlüyü bərpa olunmuş qüdrətli dövlətin vətəndaşı kimi başımız dik, alnımız açıq şəkildə dayanmışıq.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə milli ordumuz nəinki Azərbaycanın, dünyanın hərb tarixinə yeni səhifə yazdı. Sentyabrın 27-dən başlanan tarixi Vətən Müharibəsində erməni işğalçıları üzərində qazanılan qələbələr hər bir vətəndaşımızda qürur hissi doğurdu. Xalqımız bir yumruq kimi əzmlə, əzəmətlə birləşdi, nəbzinin ordu ilə, əsgərlərlə, Ali Baş Komandanla vurduğunu bütün işlərində əməli sübut etdi. Minlərlə gənc dostum kimi mən də könüllü olaraq torpaqlarımız uğrunda vuruşmağı özümə şərəf və layaqət borcu bildim. 2020-ci ilin iyul ayında erməni qəsbkarlarının Tovuz rayonu istiqamətində dövlət sərhəddində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Milli Qəhrəmanımız general-mayor Polad Həşimovun şücaəti bütün xalqımızda vətənpərvərlik ruhunu alovlandırdı. Həmin dövrdə cənab Prezidentin xalqa müraciətindən sonra dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinə könüllü olaraq müraciət etdim. Ondan öncə isə 2016-2017-ci illərdə elə həmin istiqamətdə Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun Ağdam kəndində həqiqi hərbi xidmətdə olmuşdum. 27 sentyabr – Vətən Müharibəsi başlayan ilk gündən bütün vətənpərvər gənclər könüllü olaraq döyüşlərə yollandılar. Həmin vaxt mən Bakı şəhərində çalışırdım və müharibə başlayan kimi doğulduğum İmişli rayonuna üz tutub birbaşa müharibəyə yollandım. Çox böyük istəklə, fəxarət hissi ilə döyüşə yollananlardan biri də mən idim, 1997-ci il təvəllüdlü Əkbərov Təbriz Eldar oğlu.

Hələ həqiqi hərbi xidmətdə olanda ermənilərin təxribatlarının canlı şahidi olmuşam, onların insanlığa sığmayan və dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşilikləri, vandalizm hərəkətlərini danışmaqla qurtaran deyil. 2017-ci ildə hərbi xidmətdən tərxis olunanda əsgər yoldaşlarımla bir-birimizə söz vermişdik ki, mənfur düşmənə qarşı müharibə olsa, mütləq hamımız bir nəfər kimi döyüşlərə getməliyik. Bir arzumuz, bir diləyimiz var idi ki, işğal altındakı torpaqlarımızdan erməniləri son nəfərinə kimi qovanadək onlarla vuruşacağıq. Şükürlər olsun Allaha ki, bu müqəddəs vəzifəni icra etməyi bizlərə nəsib etdi.

Rəşadətli ordumuz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Təbii ki, zəfərlə başa çatan döyüşlərdən sonra qürurlu anlar davam etdi. Mənim də Dövlətimizin başçısı tərəfindən “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmağım ailəmiz tərəfindən qürur hissi ilə qarşılandı. Lakin bütün sevinclərin sonunda müəyyən qədər kədər hiss olunurdu. Çünki döyüşlərdə Şəhid olanlar içində mənim də döyüşçü qardaşlarım var idi. Onlar şəhadətləri ilə ölümsüzlük qazandılar, adlarını tarixin səhifələrinə qızıl hərflərlə həkk etdilər. Son olaraq Vətən Müharibəsində Şəhid olan bütün döyüşçü qardaşlarıma uca Allahdan rəhmət diləyirəm, həmçinin qazilərimizə tezliklə şəfa tapmalarını arzulayıram. Tanrı Azərbaycanımızı qorusun!