Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.
Dörd il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib.
Beləliklə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevinəmri ilə qüdrətli ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib.
Azərbaycan xalqı Prezidentə və orduya dəstək verib. Azərbaycan isə bir sıra xarici təzyiqlərlə üzləşib, lakin İlham Əliyevin qətiyyəti ilə ordumuzun uğurlu əməliyyatları davam edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam edib, noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib.
Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha beş adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları hərbi-siyasi yolla Azərbaycana qaytarılıb.
Vətən müharibəsi ilə Ermənistan ordusu darmadağın olub və ermənilərin özləri haqqında yaratdıqları mifik təsəvvürlər göyə sovrulub.
Qeyd edək ki, Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan ermənilərdən xeyli hərbi qənimət ələ keçirib.
Hazırda həmin hərbi qənimətlər Bakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Bildirək ki, Azərbaycan 44 günlük müharibədə 2 908 şəhid verib, altı nəfər isə itkin düşüb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.