Vətəndaş cəmiyyəti Ermənistanın beynəlxalq cinayətlərinə etiraz edirbackend

Ermənistanın Xarici İşlər Nazirliyi və erməni lobbisi Azərbaycanın vətəndaş cəmiyyətinin Şuşa-Laçın yolundakı akisiyası ilə bağlı dezinformasiya yaymaqdadır

Ermənistanın beynəlxalq cinayətlərinə qarşı Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşa-Laçın yolunda etiraz edir. Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası dekabrın 12-də başlayıb. Şuşa-Laçın yolunda aksiyaya toplaşanların sayı günbəgün artmaqdadır. Etirazçılar artıq dördüncü gecəni çadırlarda qalırlar. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Dekabrın 13-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin və xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinq keçirilib. Brifinq zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Ermənistanın Xarici İşlər Nazirliyi və erməni lobbisi isə Azərbaycanın vətəndaş cəmiyyətinin Şuşa-Laçın yolundakı akisiyası ilə bağlı böhtan və dezinformasiya yaymaqdadır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi buna cavab verilib: “Ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması” barədə əsassız çağırışlara gəldikdə qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir”.

Azərbaycan məsuliyyətli ölkə olaraq öz vətəndaşlarının hər bir qayğısına qalır. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu kimi, Qarabağ erməniləri də Azərbaycanın tam hüququlu vətəndaşlarıdır. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Ümumiyyətlə, Azərbaycanın onlara hər hansı formada yardım göstəmək gücü var.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi