Vətəndaşların hüquqi maarifləndirilməsinə xidmət edən təşkilat yaranıbbackend

Azərbaycanda vətəndaş cəmiyyəti sıralarına daha bir təşkilat əlavə olunub.
“OLAYLAR” xəbər verir ki, sözügedən təşkilat İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması İctimai Birliyidir. Mərkəzi ofisi Gəncədə yerləşən İctimai Birliyin sədri Sitarə İsrafilqızı bildirib ki, rəhbərlik etdiyi təşkilatı təsis etməkdə məqsəd əsasən vətəndaşlar, cəmiyyət arasında hüquqi maarifləndirməni inkişaf etdirməkdir:
“İlkin olaraq İctimai Birlik 44 günlük Vətən müharibəsinin iştirakçısı olan şəhidlərimizin ailələrinə, qazilərimizə hüquqi cəhətdən dəstək olmağı qarşıya məqsəd qoyub. Bir sıra məsələrə var ki, şəhid ailələri və qazilərimizin həmin istiqamətdə hüquqi cəhətdən maarifləndirilməsimə ehtiyac var. Bu sıraya əlillik dərəcələrinin verilməsi, müvafiq yardımların təyin edilməsi və s. istiqamətdə hüquqi cəhətdən maarifləndirmək daxildir. Biz də təşkilat olaraq qeyd etdiyimiz təbəqədən olan vətəndaşlarımıza bacardığımız qədər hüquqi dəstək oluruq”.

Sitarə İsrafilqızı deyib ki, yaxın gələcəkdə İctimai Birlik cəmiyyətimizin digər təbəqədən olan vətəndaşları üçün də maarifləndirmə xarakteri daşıyan təlimlər təşkil etməyi, seminarlar keçirməyi nəzərdə tutur. Təşkilat sədri onu da diqqətə çatdırıb ki, ekologiyanın qorunması da İctimai Birliyin qarşısında duran mühüm vəzifələr sırasındadır:
“Təəssüflə qeyd etmək istərdim ki, bir çox hallarda ekoloji qanunvericiliyin tələblərinin pozulmasının şahidi oluruq. Bu kimi neqativ hallara qarşı biz də İctimai Birlik olaraq müvafiq dövlət qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində ekologiyanın qorunması işində fəal iştirak edəcəyik”.