“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏTbackend

“Dünya ölkələrinin qlobal pandemiya ilə mübarizəsi davam edir. Müxtəlif sanitar-epidemioloji, profilaktik, məhdudlaşdırıcı tədbirlərə rəğmən hələ də virusun yayılma sürətini azaltmaq, yoluxma hallarının qarşısını almaq mümkün deyil. Lakin sevindirici haldır ki, ölkəmizdə bu gün virusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur.”

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Millət vəkili xatırladıb ki, iyulun 16-dan etibarən artan müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər öz səmərəsini verir və artıq yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır.
“Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. İlk vaxtlar virusla mübarizə üçün zəruri olan tibbi avadanlıqların çatışmaması dövlətimizin başçısının diqqətini çəkdi və vacib addımlar atılıb. Bunun üçün ayrıca tibbi maska istehsal edən fabrik yaradılıb, 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərməyə başlayıb. Hansı ki, həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda, xəstələrin sayının artması ilə əlaqədar olaraq modul tipli xəstəxanaların tikintisi təşkil edilib. Bu günə qədər artıq modul tipli 9 xəstəxana istismara verilib. Həmçinin Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edilib, qısa müddət ərzində hazır vəziyyətə gətirilib. Bütün bunlar isə bir daha Azərbaycan vətəndaşının sağlamlığının qorunmasının hər zaman Cənab Prezidentimizin diqqət mərkəzində olmasının bariz nümunəsidir.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan dövləti dünyada geniş şəkildə yayılan koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi ilə yanaşı iqtisadi və sosial məsələlərin həllində də operativ tədbirlər həyata keçirərək, insanların sosial rifahının təmin olunması istiqamətində də mühüm addımlar atıb. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Müqayisə üçün deyə bilərik ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çox olsa da bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Cənab Prezidentin də vurğuladığı kimi, sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir.
Vətəndaşlar bilməlidirlər ki, pandemiya dövründə həyata keçirilən bütün tədbirlər, qadağalar məhz onların sağlamlığı, rifahı üçün hesablanıb. Hər kəs özünü, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalıdır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejiminin tətbiq olunması da onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilər, onların və özünün həyatını risk altına ata bilər”, deyə Anar Məmmədov bildirib.