“WhatsApp” generativ süni intellekt (AI) texnologiyasına əsaslanan yeni funksiyaların, o cümlədən stikerlər və şəkillər yaratmaq, həmçinin süni intellekt üzrə köməkçi ilə ünsiyyət qurmaq imkanlarının tezliklə istifadəyə veriləcəyini elan edib.
WhatsApp tərtibatçıları vurğulayırlar ki, messencerdə süni intellektlə söhbət eksperimental texnologiyadır və köməkçi qeyri-dəqiq və ya yersiz cavablar verə bilər. İstifadəçilərdən süni intellekt botu ilə ünsiyyət qurarkən diqqətli olmaları və həssas məlumatları göndərməmələri xahiş olunub.
“WhatsApp” həmçinin bildirib ki, süni intellektlə işləyən yeni funksiyaların tətbiqi istifadəçilərin şəxsi kommunikasiyalarının məxfiliyinə və təhlükəsizliyinə təsir etməyəcək və bu, başdan sona şifrələmə ilə qorunmağa davam edəcək. Süni intellekt botları ilə söhbətlər adi söhbətlərdən vizual olaraq fərqlənəcək.
Mənbə: Lenta.ru